Birinci Dünya müharibəsi zamanı Bakı yaxınlığındakı Nargin adasında əsir saxlanılan Osmanlı uşaqları üçün yaradılmış Qürəba məktəbi türk alimlərinin beynəlxalq elmi jurnalda dərc olunan araşdırması ilə yenidən gündəmə gəlib. Tədqiqat Azərbaycan türklərinin Osmanlı əsirlərinə göstərdiyi humanitar yardımı və müharibənin ən ağır şəraitində təhsilin necə ümid mənbəyinə çevrildiyini ortaya qoyub.
Hit.az xəbər verir ki, Səhiyyə Elmləri Universitetinin müəllimi, dosent, doktor Rəsul Köse və Qaziantep Universitetinin müəllimi, dosent, doktor Sadık Çetinin hazırladığı “Əsirliyin kölgəsində həyata tutunmaq mübarizəsi: Nargin Qürəba məktəbi” (“A Struggle to Hold On to Life in the Shadow of Captivity: Nargin Gureba School”) adlı elmi məqalə Böyük Britaniyada nəşr olunan, sahəsində nüfuzlu beynəlxalq “Journal of Balkan and Near Eastern Studies” jurnalında 13 oktyabr 2026-cı ildə dərc edilib.
Osmanlı arxiv sənədləri, dövrün Azərbaycan qəzetləri, hərbi hesabatlar və beynəlxalq mənbələr əsasında hazırlanan araşdırmada Birinci Dünya müharibəsi zamanı Rusiya qüvvələri tərəfindən əsir götürülərək Xəzər dənizindəki Nargin adasına aparılan Osmanlı əsgərlərinin və mülki şəxslərin üzləşdiyi ağır şərait araşdırılıb.
Əsirlik şəraitində 120-dən çox uşağa təhsil verilib
Araşdırmaya görə, hazırda Böyük Zirə adı ilə tanınan Nargin adası Birinci Dünya müharibəsi illərində Rusiya tərəfindən əsir düşərgəsi kimi istifadə olunub. Adada saxlanılan Osmanlı əsgərləri ilə yanaşı, Şərqi Anadolu və Şərqi Qara dəniz bölgələrindən gətirilən qadınlar, yaşlılar və uşaqlar da son dərəcə ağır həyat şəraiti ilə üzləşiblər.
Qeyri-kafi qidalanma, təmiz su çatışmazlığı, yoluxucu xəstəliklər və pis rəftar səbəbindən çox sayda əsirin həyatını itirdiyi adada əsir düşmüş Osmanlı müəllimləri və zabitləri uşaqların təhsildən məhrum qalmaması üçün təşəbbüs göstəriblər.
6 may 1917-ci ildə 25 şagirdlə fəaliyyətə başlayan Nargin Qürəba məktəbində şagirdlərin sayı zamanla 120-ni ötüb.
Başkaleli Əbdürrəhim Rəhmi Əfəndi, Ərzurum bölgəsindən Hafiz Feyzullah Əfəndi və Mazgirtli Mustafa Həmdi Əfəndinin rəhbərlik etdiyi təhsil fəaliyyəti uşaqlara yalnız oxuyub-yazmağı öyrətməyi deyil, həm də onların mədəni və dini kimliklərini qoruyaraq həyata tutunmalarını təmin etməyi hədəfləyib.
Məktəbdə türk dili, oxu-yazı, riyaziyyat, coğrafiya, dini biliklər, gözəl xətt və əxlaq tərbiyəsi kimi fənlər tədris olunub.
Azərbaycan türklərindən Osmanlı əsirlərinə böyük həmrəylik
Araşdırmanın diqqətçəkən bölmələrindən birini Bakıdakı Azərbaycan türklərinin Osmanlı əsirlərinə göstərdiyi yardım təşkil edib.
Başda Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti olmaqla, müxtəlif xeyriyyə təşkilatları və bakılı xeyriyyəçilər əsir uşaqların təhsil, qidalanma, geyim və sağlamlıq ehtiyaclarının qarşılanmasına dəstək veriblər.
Xeyriyyə Cəmiyyəti məktəbə dəftər, qələm, təbaşir və müxtəlif tədris ləvazimatları göndərib. Uşaqların sığınacaq və gündəlik ehtiyaclarının təmin olunması üçün də təşəbbüslər göstərilib.
Dövrün “Açıq Söz” və “İqbal” qəzetlərində dərc olunan xəbərlər və yardım çağırışları Bakı ictimaiyyətinin Osmanlı əsirlərinin yaşadığı çətinliklərə biganə qalmadığını göstərib.
Araşdırmada qeyd olunub ki, azərbaycanlı xeyriyyəçilərlə yanaşı, adada əsir saxlanılan alman zabitləri də məktəbin fəaliyyətinə maddi töhfə veriblər.
Uşaqların 87 faizi təhsildə uğur qazanıb
Məqalədə yer alan imtahan qeydləri ağır əsirlik şəraitinə baxmayaraq, məktəbdə müntəzəm təhsil sisteminin qurulduğunu göstərib.
Nəticələri araşdırılan 57 şagirddən 50-si imtahanlarda uğur qazanıb. Beləliklə, sinfin müvəffəqiyyət göstəricisi təxminən 87 faiz təşkil edib.
Müəyyən olunub ki, şagirdlərin böyük əksəriyyəti Ərzurum və Trabzon başda olmaqla, Şərqi Anadolu və Şərqi Qara dəniz bölgələrindən gətirilən uşaqlardan ibarət olub.
Araşdırmada ailəsini itirdikdən sonra səkkiz yaşında əsir götürülən sürmənəli Yusifin hekayəsinə də yer verilib. Onun yaşadıqları Qürəba məktəbinin uşaqların yalnız təhsilinə deyil, həm də əsirliyin yaratdığı psixoloji sarsıntıların öhdəsindən gəlməsinə töhfə verdiyini göstərən nümunələrdən biri kimi qiymətləndirilib.
Nargin Qürəba məktəbi ortaq tarixi yaddaşın mühüm nümunəsidir
Araşdırmaya görə, 22 noyabr 1917-ci ildə bağlanan məktəbdə təhsil alan 130 uşaq 1918-ci ilin yanvar ayının ilk günlərində Bakıya gətirilib. Bundan sonra uşaqların qayğısını və ehtiyaclarının təmin olunmasını “Möhtaclara Kömək Cəmiyyəti” öz üzərinə götürüb.
Türk alimlərinin araşdırması Nargin Qürəba məktəbinin yalnız müharibə şəraitində yaradılmış təhsil müəssisəsi olmadığını, eyni zamanda əsirlikdə olan uşaqların həyata tutunmaq mübarizəsinin mühüm hissəsini təşkil etdiyini ortaya qoyur.
Azərbaycan türklərinin Osmanlı əsirlərinə göstərdiyi yardım isə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin tarixi nümunələrindən biri kimi diqqət çəkir.
Tədqiqat iki ölkənin ortaq tarixi yaddaşında mühüm yer tutan Nargin adasında yaşanmış humanitar faciənin və bu faciə qarşısında nümayiş etdirilən həmrəyliyin gələcək nəsillərə çatdırılmasına elmi töhfə verir.
Mənbə: Rəsul Köse və Sadık Çetin, “Əsirliyin kölgəsində həyata tutunmaq mübarizəsi: Nargin Qürəba məktəbi”, “Journal of Balkan and Near Eastern Studies”, 13 oktyabr 2026-cı il.




