Paşinyan sülh sazişinin imzalanmasını uzadır - Məqsəd nədir?

SİYASƏT
11:10 / 23.10.2026
174

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı son bəyanatları diqqət çəkir. 

O, oktyabrın 13-də sazişin yaxın vaxtlarda imzalanıb ratifikasiya olunmasının vacibliyini vurğulasa da, oktyabrın 22-də sənədin 2027-2028-ci illərdə imzalana biləcəyini bildirib. Üstəlik, Paşinyan bir müddət əvvəl sülh sazişinin imzalanması üçün 2031-ci ili işarə etmişdi. Əlbəttə ki, onun bu açıqlamaları sülh prosesinin gələcəyi və rəsmi İrəvanın mövqeyi ilə bağlı haqlı suallar yaradır. 

Bəs Paşinyanın fərqli zaman çərçivələri səsləndirməsinin səbəbi nədir? Ermənistan sülh sazişinin imzalanmasını niyə uzatmağa çalışır?

Siyasi şərhçi Mətin Məmmədli Hit.az-a açıqlamasında deyib ki, Paşinyanın sülh prosesi ilə bağlı ziddiyyətli açıqlamalar verməsinin iki əsas səbəbi ola bilər:

“Birinci səbəb Ermənistanın daxili siyasi prosesləri ilə əlaqəlidir. Belə ki, ölkənin müxalifəti və revanşist qüvvələri sülh prosesi ilə bağlı Paşinyanı daim sərt tənqid edir, onu Azərbaycanın qarşısında güzəştə getməkdə ittiham edirlər. Görünür, Ermənistanın Baş naziri fərqli bəyanatlar səsləndirməklə həm də bu siyasi hücumları neytrallaşdırmağa çalışır”.

413560

Ekspert hesab edir ki, digər mümkün səbəb isə Ermənistan hakimiyyətinin regionda və dünyada ölkə üçün əhəmiyyətli proseslərin baş verməsini gözləməsi ilə bağlıdır:

“Ehtimal etmək olar ki, Paşinyan hökuməti müəyyən hadisələrin və siyasi dəyişikliklərin nəticələrini görmək, bundan sonra qərar vermək məqsədilə sülh prosesinin vaxtını uzatmağa çalışır. Bununla belə, bu, ehtimal xarakterli yanaşmadır”.

Sevinc

0