Efir mədəniyyətsizliyi - Bu cinayət deyil, nədir?

ÖLKƏ
12:35 / 19.04.2024
205

Bir neçə gündür tanınmış simalardan teleaparıcıların mədəniyyətsiz davranışına dair tənqii fikirlər eşidirik.

Bəli, artıq öz yaratdığımız bataqlıqda boğuluruq.

Şou, reytinq xətrinə yaradılan bayağı verilişlər zövqləri o qədər korladı ki, daha ağıllı başlı söz deyəndə adama dəli kimi baxırlar.

Bu gün aparıcı Sərxan Kərəmoğlu aparıcı Kamran Həsənliyə “efirə toyxananı sən gətirdin. İndiki nəsli niyə tənqid edirsən?”- şəklində cavab verib.
Qonağın sözünü kəsib, özünü ağıllı göstərmək üçün pafoslu danışmaq, söyüş, təhqir, əzmək, sındırmaq, ağlına gələni çərənləmək, mənasız söz yığınından ibarət çıxışlar, Azərbaycan qrammatikasının belini qıra-qıra ləhcə ilə, başqa  dillərə bənzədilərək danışmalar- bu gün efirdə ən çox pul qazanan aparıcılar məhz bunlardır.

Onlara baxa-baxa bir nəsil yetişib. Elə bir nəsil ki, böyük söz deyəndə az qalır dönüb gözünü deşir, həyasızlığı, arsızlığı hünər bilir. Çünki hər zaman inandığımız, həmişə ən ideal bildiyimiz efir, televiziya belə göstərir. Nə tökərsən aşına, o da çıxar qaşığına. Tökdüyümüzü yığışdırırıq. Barı bundan beləsini düzəldək. Bir ovuc insanın qazandığı pullar bir xalqın, bir böyük insan nəslinin mənəvi çöküşünə səbəb olur. Bu cinayət deyil , bəs nədir?

Murad

0