BDU-da nöqsanlar aşkarlandı

13:51 / 06.09.2024
152

Hesablama Palatası 2024-cü ilin İş planına əsasən Bakı Dövlət Universitetində (Universitet) həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar edib.

HİT.az Palataya istinadən xəbər verir ki, nəzarət tədbirləri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb.

Audit 2022-2023-cü illərdə Universitet tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində funksional fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşımışdır. Auditin əhatə etdiyi illərdə Universitetə dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən vəsait daxil olmuşdur. Audit əhatə dövrünün əvvəlinə mövcud olmuş və əsasən tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 mln. manat qalıq məbləği, mədaxil olunmuş 163,2 mln. manat və məxaric olunmuş 173,5 mln. manat məbləği əhatə etmiş, dövrün sonunda 28,2 mln. manat qalıq məbləği formalaşmışdır.

İlk olaraq qeyd edək ki, Universitetin xərcləri əsasən sosial xarakterli olmuşdur. Bu xərclərin ödənilməsi zamanı bir neçə halda nöqsanlara yol verilmiş, bu, gəlir vergisinin düzgün hesablanaraq tutulmaması, habelə mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını əhatə etmiş və 13,3 min manat təşkil etmişdir.

Universitetin hesablanmış gəlirlərinin icrasına təsir edən əsas amil təhsil haqqı, eləcə də kredit haqlarının tam reallaşdırılmaması olmuş, bu istiqamətlərdə formalaşmış debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə etmişdir. Qeyd edək ki, ödənişli təhsil üzrə gəlirlərin əsas hissəsi bakalavr səviyyəsində təhsil alanlar hesabına formalaşmış, yerli və xarici tələbələrlə ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən ümumilikdə 2522,8 min manat təhsil haqq üzrə debitor borc yaranmış, bu məbləğ 2024-cü ilin əvvəlinə olan debitor borcun 23,2%-ni təşkil etmişdir. Eləcə də, elmlər doktorluğu və fəlsəfə doktorluğu proqramı üzrə qəbul olunmuş dissertantların arasında Universitetin əməkdaşı olmayan dissertantların da düzgün olmayaraq, Universitetin hesabına təhsil alması nəticəsində cəmi 62 dissertanta görə 76,8 min manat, ləğv edilmiş elm müəssisəsində təhsil alan dissertantların Elm və Təhsil Nazirliyinin (Nazirlik) məktubuna əsasən Universitet hesabına təhsil alması səbəbindən ümumilikdə 100,5 min manat təhsil haqqının alınması təmin edilməmişdir.

Universitetdə təhsil alanların tədris illərinin müvafiq semestrlərində aralıq və cari qiymətləndirilmənin nəticələrinə görə yaranmış kredit haqları üzrə debitor borcları 01 yanvar 2022-ci ilin əvvəlinə nisbətən 01 yanvar 2024-cü il tarixinə 13,7% artaraq 1939,0 min manat təşkil etmişdir.

Təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış dövlət vəsaitlərinin icrası prosesində yol verilmiş nöqsanlar nəticəsində formalaşmış məbləğ bu istiqamətdə cəmi xərclərin tərkibində əhəmiyyətli təsirə malik olmamış, dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan tələbələr üzrə təhsil xərcinə görə cəmi 27 halda 15,2 min manat, auditlə əhatə edilən dövrdə xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilmədiyi halda 133 tələbə üzrə 188,8 min manat vəsait büdcəyə qaytarılmamışdır.

Qeyd edilməlidir ki, Universitetdə tələbələrə hesablanmış təqaüd məbləği üzrə Nazirliyin 272,1 min manat kreditor borc qalığı mövcud olmuş, təqaüd məbləğinin və əlavələrin düzgün müəyyənləşdirilməməsi səbəbindən 1,0 min manat, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9,5 min manat vəsait artıq ödənilmişdir.

Dövlət ehtiyaclarının təmin edilməsi istiqamətində satınalma planlarının tərtibi ilə bağlı tələb olunan müddətlərə əsasən riayət edilsə də, planlaşdırılmanın əsaslı həyata keçirilməməsi nəticəsində nəzərdə tutulmuş və həyata keçirilmiş satınalmaların sayı fərqli olmuş, müsabiqəli satınalmaların məbləğ ifadəsində payının yüksək olması fonunda 2023-cü ildə 2022-ci illə münasibətdə say ifadəsində daha çox müsabiqəsiz (bir mənbədən satınalmanın həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti qurumundan verilmiş razılıq məktubları əsasında) satınalmalara üstünlük verilmişdir. Keçirilmiş satınalmalar (bir mənbədən satınalma) əsasən konfrans və tədbirlərin keçirilməsini, eləcə də internet və proqram təminatı kimi xidmətlərin alınmasını əhatə etmişdir.

Tələbatın müəyyənləşdirilməsinin Universitet tərəfindən əsaslı şəkildə aparılmaması anbar qalığının artımına, bəzi hallarda isə funksiya və səlahiyyətlərinin yerinə yetirilməsi üçün zəruri olan ehtiyaclarının düzgün müəyyən edilməməsi satınalma müqavilələrinin tam olaraq icra edilməməsinə şərait yaratmışdır.

Ehtimal olunan qiymətlərin hesablanılması hüquqi aktların tələblərinə tam əməl edilməyərək bir mənbədən satınalmalara tətbiq olunmamış, bu, bir neçə halda daha qənaətli istifadə imkanlarını məhdudlaşdırmışdır.

Elm və təhsil müəssisəsi olaraq Universitetin Strateji İnkişaf Planının (SİP) və Tədbirlər Planının hazırlanması sahəsində bir sıra uyğunsuzluqlar və boşluqlar müəyyən edilmişdir. Belə ki, SİP-də məqsədlərin aydın əks olunmaması, bu plan və fəaliyyət planında əlaqələndiricilərin müəyyənləşdirilməməsi, icraçıların konkretləşdirilməməsi, eləcə də hədəf indikatorlarının dəqiq göstəricilərlə ifadə olunmaması və zəruri resursların ətraflı əks olunmaması hesabatlılığının təmin edilməsində, əldə edilmiş nəticələrin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsində, həmçinin aralıq qiymətləndirmələrin aparılması ilə SİP-in yenilənməsi istiqamətində əsaslı riskləri formalaşdırmışdır. Həm SİP-in, həm də Fəaliyyət Planının icrası zamanı qarşıya çıxa biləcək əsas risk faktorları və onların təsirlərinin aradan qaldırılması məqsədilə həyata keçirilməli olan tədbirlər planda tam əks etdirilməmiş, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin zəruriliyi isə ətraflı əsaslandırılmamışdır.

Həmçinin, SİP-də müasir çağırışlara uyğun olaraq imtahan nəticələrinin elektronlaşdırılması barədə müddəalar yer almamış, bu məsələ Universitet üçün prioritet hesab edilməmişdir ki, bu da son nəticədə fəaliyyətin monitorinqi və qənaətli yanaşmanın tətbiqinə mane olmuş, başqa sözlə elektronlaşmanın tətbiq olunmaması istifadə edilən onlayn tədris platformasının nisbətən daha yüksək qiymətlərlə əldə edilməsinə səbəb olmuşdur.

Qeyd edilənlərlə yanaşı “mövcud potensial və hədəf” uyğunluğunun əsaslı qiymətləndirilməməsi SİP-də, xüsusilə, beynəlmiləlləşmə istiqamətində bəzi fəaliyyətlərin tam icra edilməməsi ilə nəticələnmiş, Universitetin 2023-cü ildə keçirilmiş akkreditasiyasına dair Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2023/2024 - 2027/2028-ci tədris illəri ərzində icra ediləcək tədbirlərə dair Fəaliyyət Planında əks olunmuş 34 tövsiyədən 2023/2024-cü tədris illərinə aid olmuş 14-nün icrası auditlə əhatə olunan dövrdə tam təmin edilməmişdir.

Birdən çox fərqli rəsmi internet səhifəsinin yaradılması və aktiv olması, eləcə də həmin saytlarda funksional fəaliyyət üzrə məlumatların bəzi hallarda təqdim edilməməsi və yenilənməməsi “Tələbə-Universitet” əlaqələrinin, həmçinin elmi-tədqiqat və tədris müəssisəsi kimi məlumatlara əlçatanlığın çevik təmin edilməsi istiqamətində müəyyən məhdudiyyətləri formalaşdırmışdır. Ümumiyyətlə, Universitetin universitetdaxili kommunikasiyanın, informasiya təminatının təşkil edilməsi, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin universitetin elm, təhsil, sosial, iqtisadi-təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələri haqqında operativ və əhatəli məlumatlandırılması, informasiya ilə təmin edilməsi işinin inkişaf etdirilməsinin ümumi yanaşmalarını, əsas prinsiplərini və mexanizmini əks etdirən Kommunikasiya Strategiyası da bir sıra nöqsanlara malik olmuşdur.

Strategiyada Universitetin struktur bölmələri arasında daxili kommunikasiya sisteminin qurulması məqsəd kimi müəyyən edilsə də, struktur bölmələri bir-biri ilə əlaqələndirən vahid mərkəzləşdirilmiş universitetdaxili elektron sistem olmamışdır.

Universitet tərəfindən 2023-cü ildə müəllimlərin vəzifə maaşı kimi müəyyən olunmuş məbləğ Dövlət Statistika Komitəsinin 2022-ci il üçün elan etdiyi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının məbləğinə bərabər olmuş, bu zaman 2023-cü il üçün dinamika nəzərə alınmamışdır.

Universitetin müəllim-professor heyətinin əməyinin ödənişi ilə bağlı tətbiq edilən bu yanaşma son nəticədə elmi və pedaqoji fəaliyyətin motivə olunması istiqamətində müəyyən risklər yaratmışdır.

Əməyin saathesabı ödənişi sistemi də düzgün təşkil edilməmiş, prosesin bütün mərhələlərində nöqsanlara yol verilmişdir. Belə ki, saathesabı qaydada dərs deyən şəxslərlə Universitet arasındakı münasibətlər hər hansı formada tənzimlənməmiş, onlarla əmək müqaviləsi bağlanmamışdır.

Bir sıra kafedraların professor-müəllim heyətinin tərkibində elmi adı və dərəcəsi olan əməkdaş çalışmamış, ümumi kafedra sayının 81,0%-ində cəmi mühazirə saatlarının 27,6%-i, xüsusilə bakalavr pilləsini əhatə etməklə, saathesabı ödəniş əsasında elmi adı və elmi dərəcəsi olmayan əməkdaşlar tərəfindən tədris edilmişdir.

Dərs yükü normalarına əməl olunmaması, bir sıra hallarda xüsusilə elmi vəzifəsi və dərəcəsi olan müəllim heyətinin dərs yükündə auditoriya saatlarının az nəzərdə tutulması dərslərin keyfiyyətinə təsir edən risk amilləri olaraq qiymətləndirilmişdir.

01 yanvar 2024-cü il tarixinə Universitetin professor-müəllim heyətinin orta yaşının ölkə üzrə kişilərin təqaüd yaşından 8,2 il, qadınların təqaüd yaşından isə 9,7 il az olmasını və ölkədə aparılan pensiya islahatı ilə əlaqədar 01.07.2025-ci il tarixində fərqin hər iki cins üzrə bərabərləşəcəyi, həmçinin bir sıra kafedralarda əksər əməkdaşların təqaüd yaşında olması, professor və dosent heyətinin yaxın illərdə təqaüd yaşına çatacağı diqqətə alındıqda gələcəkdə Universitetin kadr təminatında hal-hazırda müşahidə edilən meyillərin daha da güclənəcəyi ilə bağlı risklər böyükdür.

Universitetin Strateji İnkişaf Planında tədris-təlim prosesinin modernləşdirilməsi məqsədilə akademik heyətin iş vərdişlərini və işə yanaşma tərzini təkmilləşdirmək üçün yeni stimullaşdırma (mükafatlandırma) və imtiyazlar proqramının hazırlanması, tətbiqi və bu proqramların genişləndirilməsi nəzərdə tutulsa da, auditlə əhatə olunan dövrdə bu istiqamətdə müvafiq sənəd qəbul edilməmişdir.

Azərbaycan dilində dərs vəsaiti ilə təminat səviyyəsinin nisbətən aşağı olması, tədrisdə istifadə edilən kompüterlərin sayının tələbə sayına nisbətinin normadan aşağı olması və əsasən müasir kompüter və laboratoriya avadanlıqları ilə təchizatın zəruri səviyyədə olmaması, eləcə də tədris-təcrübə bazalarının səmərəli istifadə edilməməsi tədris və təcrübə fəaliyyətini, son nəticədə isə müasir çağırışlara cavab verən metodların tətbiqi və praktiki biliklərin təqdim olunması imkanlarını məhdudlaşdırmışdır.

Universitetdə imtahan nəticələrinin elektronlaşdırılmaması səbəbindən imtahanların nəticələrinin təhlili yalnız 2014-cü ildən etibarən kağız üzərində aparılmış qeydiyyatın sonradan mexaniki üsulla elektron formata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Bir sıra fakültələrdə fərqli kurslarda dövlət sifarişi ilə təhsil alanlar arasında müvəffəqiyyət və keyfiyyət göstəriciləri qənaətbəxş olmamışdır. Belə ki, 2021/2022-ci tədris ilinin qış və yay imtahan sessiyaları üzrə toplanmış məlumatlara görə 9 fakültə üzrə müvəffəq qiymət alanların xüsusi çəkisi (müvəffəqiyyət göstəricisi) 75,0% və daha az, eləcə də, imtahan nəticələri 71 baldan yüksək olanların (keyfiyyət göstəricisi) xüsusi çəkisi 20,0% və daha az olmuşdur. Həmçinin onlar arasında ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) aşağı olan fakültələr də olmuşdur. Ayrı-ayrı tədris illər və sessiyalar üzrə tələbələrin göstəriciləri aşağı olan fakültələr, demək olar ki, eyni olmuşdur. Müvəffəqiyyət və keyfiyyət göstəriciləri ödənişli təhsil alanlar arasında xüsusilə aşağı səviyyədə davranış nümayiş etdirmişdir.

Sorğu aparılmış professor-müəllim heyətinin 55,2%-i bakalavr səviyyəsinə qəbul olan tələbələrin bilik səviyyəsindən razılığını bildirmiş, eynilə tələbələr arasında keçirilən sorğuda tələbələrin böyük çoxluğu, 82,0%-i, ixtisas fənləri üzrə professor-müəllim heyətinin biliklərindən razı qaldıqlarını ifadə etsə də, qeyri-ixtisas fənləri üzrə bu göstərici bir qədər aşağı olmaqla 66,4% təşkil etmişdir. Bununla yanaşı, bəzi fakültələr üzrə professor-müəllim heyətinin bilik və tədris metodlarından razı qalmayan tələblərin xüsusi çəkisi daha yüksək olmuşdur.

Elmi-tədqiqat fəaliyyəti bu sahədə müəyyən edilmiş vəzifələrin qismən icrası ilə həyata keçirilmiş, maddi-texniki bazanın ehtiyaclar və müasir tələblər əsasında qurulması tam təmin edilməmiş, qeyd edilənlər və eyni zamanda, istehsalata tətbiq edilən elmi-tədqiqat işlərinin olmaması, humanitar və sosial elm sahələri üzrə elmi işlərin əsasən yerli jurnallarda çap edilməsi ilə nəticələnmişdir.

Ümumiyyətlə, Universitetin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri 1 nömrəli yataqxana – “Tələbə evi” fəaliyyət göstərir. Qeyd edək ki, digər yataqxana binaları uzun illərdir ki, fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir. Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, Universitetin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin, Tələbə evi istisna olmaqla, 14 əməkdaşı üzrə 2022-ci ildə hesablanıb ödənilmiş əmək haqqı bütün məcburi ödənişlərlə birgə 143791,1 manat, 2023-cü ildə isə 135487,5 manat təşkil etmişdir. Yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmamış, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməmişdir.

“Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil etmiş, faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunmuş, əldə edilən hər 1,0 manata qarşı 3,3 manat xərc çəkilmişdir.

Asudə vaxtın təşkili istiqamətində idman sahələrinin nisbətən az olması və səmərəli istifadə edilməməsi tələbələrin idmana cəlb olunma səviyyəsinin aşağı olmasına şərait yaratmış, birgə fəaliyyət çərçivəsində idarə olunan yeməkxanalarda satılan bəzi məhsulların pərakəndə satış qiymətlərinin orta bazar qiymətlərindən nisbətən yüksək olması müşahidə edilmişdir.

Elmi kitabxanalara müraciət sayının və kitabxanalardan istifadə səviyyəsinin qənaətbəxş hesab edilməsi fonunda oxu zallarının tutumunun normadan aşağı olması bu göstəricilərin yüksəlməsini məhdudlaşdırmışdır.

Məzunlarla və onların karyera inkişafları ilə bağlı məlumatların toplanması və təhlili işinin müntəzəm olmaması səbəbindən bu fəaliyyət strateji qərarların qəbuluna təsir etməmiş, həyata keçirilmiş bu tədbirlər çərçivəsində “ixtisas-iş yeri” uyğunluğu, eləcə də keçirilən əmək yarmarkalarının tələbələrin işlə təmin olunma imkanlarına təsiri qiymətləndirilməmişdir.

Daxili nəzarət mühitinin zəif təşkil edilməsi və Universitetin strukturunda mövcud olan, lakin auditlə əhatə olunan dövrün sonunadək Daxili audit şöbəsinin təşkili və fəaliyyətinin təmin olunmaması nəzarət fəaliyyətinin də təşkilinə öz mənfi təsirini göstərmişdir.

Hesablama Palatasının Kollegiyası auditor hesabatını təsdiq edərək, Bakı Dövlət Universiteti tərəfindən xaric edilmiş təhsilalanlar üzrə 188,8 min manat, akademik məzuniyyət götürmüş və təhsilini dayandırmış təhsilalanlar üzrə 15,2 min manat və əməkdaşların aylıq gəlirindən az hesablanmış gəlir vergisinin dövlət büdcəsinə bərpa edilməsinin, 2 saylı tədris korpusunun əsaslı təmiri ilə bağlı podratçıya artıq ödənilmiş 130,2 min manatın Universitetin 2024-cü il 1 iyun tarixinə podratçıya olan kreditor borcundan azaldılmasının nəzərə alınması, habelə artıq ödənilmiş məzuniyyət və təqaüd xərclərinin, aşkar edilmiş çatışmazlıqların bərpa edilməsi barədə qərar qəbul edilmişdir.

1