Gənclər yaşlı nəsildən öyrənməli olduğu 3 maliyyə vərdişi

MARAQLI
10:48 / 18.10.2026
141

Gündəlik xərclərə nəzarət etmək və qənaət vərdişləri formalaşdırmaq maliyyə sabitliyinin əsas şərtlərindəndir. Yaşlı nəsillərin illər ərzində qazandığı təcrübə isə gənclərə, xüsusilə də Z nəslinin nümayəndələrinə, pullarını daha səmərəli idarə etməkdə kömək edə bilər.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri “Your Tango”ya istinadən yazıb.

Evdə yemək hazırlamaq

Qənaət etməyin ən sadə yollarından biri hazır yemək sifariş etmək əvəzinə evdə yemək hazırlamaqdır. Çatdırılma xidmətlərindən və hazır qidalardan müntəzəm istifadə şəxsi büdcəyə ciddi təsir göstərə bilər. Evdə yemək bişirmək isə həm xərcləri azaltmağa, həm də ərzaq alışını əvvəlcədən planlaşdırmağa imkan verir.

Əşyaları təkrar istifadə etmək və təmir etdirmək

Yaşlı nəsillərin faydalı vərdişlərindən biri də sıradan çıxan əşyaları dərhal atmaq və yenisini almaq əvəzinə onları təmir etdirməkdir. Dəbin tez-tez dəyişməsi və sürətli istehlak mədəniyyəti insanları ehtiyac olmadığı halda belə yeni alış-verişə sövq edir. Əşyaların ömrünü uzatmaq, eləcə də ərzaqları konservləşdirmək və turşuya qoymaq kimi üsullar əlavə xərclərin qarşısını ala bilər.

Gündəlik alış-verişdə nağd puldan istifadə etmək

Məqalədə tövsiyə olunan üçüncü vərdiş gündəlik xərclərin bir hissəsini nağd pulla ödəməkdir. Kartla ödəniş zamanı insan xərclədiyi məbləği dərhal hiss etməyə bilər və nəticədə planlaşdırılmamış alış-verişlər edə bilər. Nağd puldan istifadə isə büdcəyə nəzarəti asanlaşdıra bilər. Məsələn, mağazaya yalnız konkret alış üçün nəzərdə tutulan məbləği aparmaq artıq xərc riskini azaldır.

Məqalədə vurğulanır ki, maliyyə sabitliyi yalnız yüksək gəlirdən asılı deyil. Xərcləri əvvəlcədən planlaşdırmaq, kiçik məbləğləri müntəzəm yığmaq və impulsiv alışlardan çəkinmək də uzunmüddətli qənaətə kömək edə bilər.

Samir

0