Psixoloji travma insanı davranışlarına görə məsuliyyətdən azad etmir

SOSİAL
22:53 / 17.10.2026
66

Psixoloji travma insanın davranışlarını izah edə bilər, lakin onun hərəkətlərinə görə məsuliyyətini aradan qaldırmır. Psixoloq İrina Berman hesab edir ki, keçmişdə yaşanan ağrılı təcrübələri başqalarına qarşı zərərli davranışlara bəraət qazandırmaq üçün istifadə etmək düzgün deyil.

HİT.az xəbər verir ki, bu barədə mütəxəssis “İzvestiya” nəşrinə danışıb.

Psixoloqun sözlərinə görə, problem insanın yaşadığı travmanın yaxınlarının öz sərhədlərindən imtina etməsini tələb etdiyi zaman başlayır. Məsələn, keçmiş təcrübələrinə görə narahatlıq keçirən tərəfdaşın hisslərini anlamaq mümkündür, lakin bu, onun qarşı tərəfi daim nəzarətdə saxlamasına və telefonunu yoxlamasına razılaşmaq demək deyil.

Berman vurğulayıb ki, insanın öz davranışlarının səbəblərini anlaması problemin həlli yolunda yalnız ilk addımdır. Əgər şəxs keçmiş təcrübəsinin başqalarına ağrı verdiyini dərk edir və reaksiyalarını dəyişməyə çalışırsa, bu, məsuliyyətli yanaşmanın göstəricisidir. Əksinə, travmasını əsas gətirərək ətrafındakıların onu olduğu kimi qəbul etməsini tələb edir, lakin davranışını dəyişmək üçün heç nə etmirsə, məsuliyyəti başqalarının üzərinə atmış olur.

Mütəxəssis belə vəziyyətlə üzləşən insanlara yaxınlarına diaqnoz qoymağa və onların şəxsi psixoloquna çevrilməyə çalışmamağı tövsiyə edib. Onun fikrincə, mübahisə zamanı insanın xarakterini və ya keçmişini mühakimə etmək əvəzinə, konkret davranışa diqqət yetirmək daha doğrudur.

Psixoloq qeyd edib ki, insanın keçmişdə yaşadıqları onun indiki reaksiyalarına təsir göstərə bilər, lakin bu, başqalarının sərhədlərini pozmağa haqq qazandırmır. Travmanı anlamaq vacibdir, amma onunla bağlı problemlərin həlli üçün məsuliyyət daşımaq da eyni dərəcədə əhəmiyyətlidir.

Samir

0