Hisə verilmiş skumbriyanı xüsusi tüstüləmə avadanlığı olmadan da evdə hazırlamaq mümkündür. Qara çay və soğan qabığından istifadə etməklə hazırlanan marinad balığa hisə verilmiş məhsula bənzər rəng və dad verir. Bu üsul mağazadan alınan məhsula alternativ axtaranlar üçün daha qənaətcil seçim ola bilər.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri ev şəraitində skumbriya hazırlamağın reseptini təqdim edib.
Lazım olan ərzaqlar
- 2 ədəd dondurulmuş skumbriya;
- 1,5 litr su;
- 3 xörək qaşığı duz;
- 1,5 xörək qaşığı şəkər;
- 2 çay qaşığı ətirsiz qara çay;
- 10 ədəd qara istiot dənəsi;
- 2 dəfnə yarpağı;
- 3 soğanın yuyulmuş qabığı.
Hazırlanma qaydası
Əvvəlcə skumbriya soyuducuda əridilir, başı və daxili orqanları çıxarılır. Qarın boşluğundakı qara pərdə təmizlənir, balıq yuyulur və kağız dəsmalla qurudulur.
Marinadı hazırlamaq üçün suya duz, şəkər, qara istiot, dəfnə yarpağı, çay və soğan qabığı əlavə edilir. Qarışıq qaynadıldıqdan sonra daha 5 dəqiqə odda saxlanılır. Ardınca soyudulur və süzülərək çay yarpaqları ilə soğan qabığından ayrılır.
Daha sonra plastik butulkanın üst hissəsi kəsilir və balıqlar içəridə şaquli vəziyyətdə yerləşdirilir. Soyumuş marinad balıqların üzərini tam örtəcək şəkildə əlavə olunur. Butulkanın ağzı örtülür və qab iki gecə ərzində soyuducuda saxlanılır.
Müddət başa çatdıqdan sonra balıqlar marinaddan çıxarılır, kağız dəsmalla qurudulur və dilimlənərək süfrəyə verilir.
Samir


