Bal alarkən nələrə fikir verməliyik?

ÖLKƏ
14:21 / 18.11.2026
86

“Bal alarkən diqqətli olmaq lazımdır. Çünki bal bazarında mövcud olan vəziyyət müəyyən çətinliklərlə xarakterizə olunur”.

Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, buna görə də məhsulun yalnız etibarlı mənbələrdən əldə edilməsi vacibdir:


“Satış zamanı tez-tez “Quba balı”, “Zaqatala balı”, “Qarabağ balı” və ya “Zəngəzur balı” kimi coğrafi adlardan istifadə olunur. Qoyulan adlar balın faktiki tərkibi ilə tam uyğunluq təşkil etməlidir. Əgər məhsul Zaqatala bölgəsində yığılıbsa, məhz həmin adla satılmalıdır. Lakin Şamaxıdan əldə edilən bala isə “Zaqatala” adı vermək istehlakçının aldadılması hesab olunur”.

Ekspert qeyd edib ki, bal alarkən və istehsal edərkən əsas müzakirə mövzularından biri məhsula şəkər qatılması məsələsidir:
“Təcrübəli arıçılar qeyd edirlər ki, arıya verilən qida birbaşa balın keyfiyyətinə təsir göstərir. Əgər arıya şəkər şərbəti verilərsə, arı həmin şərbəti toplayaraq şana vurur. Arıya təbii bitki qidası təqdim edildikdə isə o, təbii nektardan bal istehsal edir.

Nəzərə almaq lazımdır ki, arının orqanizmində şərbəti bala çevirən xüsusi bir maddə və ya daxili laboratoriya mövcud deyil. Yəni ona şərbət verildikdə sadəcə olaraq həmin şərbəti şana yığır və nəticədə istehlakçı təbii bal deyil, şərbət əldə etmiş olur”.

Mütəxəssis əlavə edib ki, balın keyfiyyətini müəyyənləşdirmək üçün müxtəlif üsullardan istifadə olunur:
“Ən dəqiq və etibarlı üsul ixtisaslaşmış laboratoriya yoxlamalarıdır. Əgər laboratoriya cavabları müsbətdirsə, məhsulun təbiiliyi təsdiqlənir. Həmçinin, balı yandırmaq və ya ələ sürtmək kimi ümumi üsullara da müraciət edilir, amma bunlar tam dəqiq göstərici hesab olunmur.

Bundan başqa, peşəkar arıçılar da  balın süzülməsindən, duruluğundan və qatılığından onun keyfiyyəti barədə birmənalı fikir söyləyə bilərlər. Eyni zamanda, tanınmış və etibar edilən şəxslərdən bal almaq, həmçinin balın dadını xüsusi çöp və ya qaşıq vasitəsilə yoxlayaraq şərbətdən ayırd etmək vacibdir”.

İlkin Şirinovun sözlərinə görə, arıçılıq olduqca çətin və böyük zəhmət tələb edən sahədir:
“Arı ailələrinə qulluq etmək, onları qış və yay aylarında müxtəlif zərərverici həşəratların hücumlarından qorumaq böyük səy tələb edir. Bir çox hallarda minlərlə arı təsərrüfatı xüsusi həşəratların hücumu nəticəsində məhv olur. Arı yuvalarında parazitlərin əmələ gəlməsinin qarşısını almaq üçün həm kimyəvi, həm də təbii təmizləmə üsullarından istifadə olunur.

Bütün bu çətinlikləri və çəkilən xərcləri nəzərə aldıqda, təbii balın bir kiloqramı üçün təklif olunan qiymət arıçının çəkdiyi əziyyətlə müqayisədə yüksək hesab edilmir. Balın qiyməti ilə bağlı bəzən müəyyən narazılıqlar olsa da, fermerin bu sahədən əldə etdiyi gəlir çəkilən zəhməti tam şəkildə qarşılamır”.

Pərviz

0