Uşağın şəxsiyyət kimi formalaşması, dünyanı tanıması və ətrafındakı insanlarla münasibət qurmağı öyrənməsi erkən yaşlardan başlayır.
Bu mərhələdə məktəbəqədər təhsil onun yalnız məktəb həyatına hazırlanmasına deyil, həm də zehni, sosial və emosional inkişafına mühüm töhfə verir. Uşaq kollektivdə olmağı, ünsiyyət qurmağı, fikirlərini ifadə etməyi, paylaşmağı və müstəqil davranmağı məhz bu dövrdə daha fəal mənimsəyir.
Bəs məktəbəqədər təhsil uşağın gələcək inkişafına hansı imkanları qazandırır və bu mərhələnin ötürülməsi onun məktəb həyatına necə təsir edə bilər?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, məktəbəqədər təhsil uşaqların ibtidai təhsil mərhələsinə daha hazırlıqlı başlaması üçün mühüm zəmin yaradır:

“Bu mərhələdə formalaşan ilkin bilik və bacarıqlar uşağın sonrakı təhsil prosesində qarşılaşa biləcəyi çətinliklərin azalmasına kömək edir. Məktəbəqədər təhsil beynəlxalq səviyyədə də qəbul edilib, Azərbaycanda isə bu sahənin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir”.
E. Əfəndinin sözlərinə görə, məktəbəqədər müəssisələrlə yanaşı, məktəbəhazırlıq qrupları da uşaqların təhsil mühitinə alışmasında mühüm rol oynayır:
“Xüsusilə bağçaya getməyən uşaqlar üçün bu qruplar məktəb həyatına ilkin uyğunlaşma imkanı yaradır. Hazırlıq mərhələsində uşaqların dinləyib-anlama, fikirlərini ifadə etmə, ilkin oxu-yazı vərdişləri qazanma və yaşıdları ilə ünsiyyət qurma bacarıqlarının inkişafına diqqət yetirilməlidir. Bu vərdişlər onların birinci sinfə keçidini asanlaşdıran mühüm hazırlıq amilləridir”.
Sevinc


