9,5 milyon illik balina fosilinin yanında yeni canlı növü tapıldı

DÜNYA
12:25 / 18.11.2026
42

Danimarkada aparılan paleontoloji araşdırmaları maraqlı kəşflə nəticələnib. Təxminən 9,5 milyon il əvvəl yaşamış balinanın fosil qalıqları ətrafında indiyədək elmə məlum olmayan dəniz canlısının izləri aşkarlanıb. Yeni növə Almaniyada keçirilən məşhur “Wacken Open Air” heavy metal festivalının təsisçilərinin adı verilib.

HİT.az xəbər verir ki, Cənubi Danimarkadakı Gram gil karxanasında tapılan dimdikli balinanın skeletini araşdıran alimlər onun çənə və onurğa sümüklərinin ətrafındakı çöküntülərdə xırda skelet parçaları aşkar ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, həmin qalıqlar dəniz ulduzlarının uzun və nazik qollu qohumları olan ilan ulduzlarına məxsusdur. Bu tapıntı milyonlarla il əvvəl də belə canlıların ölmüş balinaların cəsədləri ətrafında qidalandığını təsdiqləyən ilk konkret fosil sübutu hesab olunur.

2018-ci ildə aparılan qazıntılar zamanı toplanmış çöküntülərin mikroskop altında araşdırılması nəticəsində əvvəllər təsvir edilməmiş növ müəyyənləşdirilib. Elektron mikroskopla aparılan təhlillər də onun yeni növ olduğunu təsdiqləyib. Canlıya **Ophiura huebnerjenseni** adı verilib.

Alimlər qalıqların balina cəsədinin ətrafında yaşayıb-yaşamadığını, yoxsa su axınları ilə həmin əraziyə daşındığını da araşdırıblar. Bunun üçün skeletdən uzaq nöqtələrdən götürülmüş nümunələr yoxlanılıb. İlan ulduzlarının qalıqlarının əsasən balina sümüklərinin yaxınlığında aşkarlanması onların həmin ərazidə məskunlaşdığını göstərib.

Yeni növün adlandırılması isə kəşfə maraqlı məna qatıb. Ophiura huebnerjenseni adı Almaniyanın məşhur “Wacken Open Air” heavy metal festivalının yaradıcıları Holger Hübner və Thomas Jensenin şərəfinə seçilib. Bu qərarda geoloji əlaqə də rol oynayıb: qədim fosillərin qorunduğu gil təbəqələri festivalın keçirildiyi ərazinin palçıqlı torpağı ilə əlaqələndirilir.

Tədqiqatın nəticələri “Neues Jahrbuch für Geologie und Paläontologie” elmi jurnalında dərc olunub.

Samir
 

0