Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar 17 noyabr 2026-cı il tarixində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşərək Hindistan və Azərbaycan arasında mədəni əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə edib.
Görüşün əvvəlində nazir səfirə Azərbaycandakı diplomatik fəaliyyəti münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb. Müzakirələr iki ölkə arasında mövcud olan möhkəm tarixi və sivilizasiya əlaqələrinə əsaslanaraq mədəni münasibətlərin daha da dərinləşdirilməsinə yönəlib.
Tərəflər Hindistanlı turistlər və zəvvarlar arasında Maha Cvala Devi məbədi kimi də tanınan, Atəşgah məbədinin davamlı populyarlığını müzakirə edib, onun tarixi və mədəni əhəmiyyətinin daha geniş tanıdılması da daxil olmaqla, bu məkanın təbliği istiqamətində əlavə imkanları nəzərdən keçiriblər. Həmçinin hər iki ölkədə turizmin təşviqi və xalqlar arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirələrdə mühüm yer tutub.
Hindistan kinosunun Azərbaycanda köklü ənənələrini və artan populyarlığını nəzərə alaraq, tərəflər film istehsalı sahəsində, o cümlədən birgə film layihələrinin həyata keçirilməsi və müvafiq normativ-hüquqi çərçivələrin təkmilləşdirilməsi istiqamətində daha geniş əməkdaşlıq imkanlarını araşdırıblar.
Müzakirələr zamanı mədəniyyət günləri və festivalların təşkili, musiqi və səhnə sənətləri sahəsində mübadilələr, eləcə də ədəbi əməkdaşlıq, kitab sərgiləri, tərcümə və qarşılıqlı anlaşmanın, mədəni dəyərlərə hörmətin təşviqinə xidmət edən təhsil təşəbbüsləri məsələlərinə də toxunulub. Tərəflər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.



