Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində müzakirələr yeni və mürəkkəb mərhələyə qədəm qoyub.
ABŞ-nin Donbasdan geri çəkilmək müqabilində Ukraynaya NATO üzvlüyü imkanını gündəmə gətirməsi Kiyevi çətin seçim qarşısında qoyub. Prezident Volodimir Zelenskinin bu məsələnin xalq referendumuna çıxarıla biləcəyini bildirməsi isə ərazi bütövlüyü, milli təhlükəsizlik və ictimai iradə ətrafında yeni müzakirələrə yol açıb.
Bəs Ukrayna cəmiyyəti torpaq güzəştinə razı olacaqmı və belə bir qərar ölkənin gələcəyinə necə təsir göstərə bilər?
Siyasi şərhçi Azad Məsiyev Hit.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin yaranma səbəblərini anlamaq üçün ilk növbədə NATO-nun genişlənməsi və Moskvanın təhlükəsizlik maraqları kontekstinə nəzər salmaq lazımdır:
“ABŞ başda olmaqla NATO bloku Rusiyanı özünə əsas rəqib hesab edir və onun ətrafında təsir dairəsini genişləndirməyə çalışır. Demokratiya ideyası adı altında müxtəlif ölkələrdə hakimiyyət dəyişikliklərinin baş verməsi, Rusiyaya münasib olmayan qüvvələrin hakimiyyətə gətirilməsi və həmin dövlətlərin Moskva əleyhinə istifadə olunması bu strategiyanın tərkib hissəsidir.
Gürcüstanda Mixail Saakaşvili dövründə, Ukraynada isə 2014-cü ildə baş verən hadisələr bu prosesin nümunələridir. Hazırda Ermənistanda da oxşar siyasi istiqamətin müşahidə olunduğunu düşünürəm. NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi Moskvanın milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, Ukrayna böhranının dərinləşməsində Qərbin Rusiyaya qarşı yürütdüyü siyasət mühüm rol oynayıb:
“SSRİ dağıldıqdan və Varşava Müqaviləsi Təşkilatı fəaliyyətini dayandırdıqdan sonra NATO-nun genişlənməsi prosesi daha da sürətləndi. Halbuki həmin dövrdə ABŞ tərəfindən Alyansın Rusiya istiqamətində genişlənməyəcəyinə dair vədlər verildiyi bildirilirdi. Lakin sonrakı proseslər bu vədlərin yerinə yetirilmədiyini göstərdi. Rusiya ətrafındakı dövlətlərin NATO-ya üzv qəbul edilməsi Moskvanın narahatlığını artırdı.
2014-cü ildə Ukraynada xalq tərəfindən seçilmiş prezidentin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən hadisələrdən sonra ölkənin Qərblə əməkdaşlığı daha da gücləndi. Bu əməkdaşlıq isə Rusiya tərəfindən özünə qarşı yönəlmiş siyasi və strateji addım kimi qəbul edildi. Hətta ABŞ-nin keçmiş prezidenti Co Baydenin 2008-ci ildə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı verilən vədlərdən danışması da bu istiqamətdəki siyasətin əvvəlcədən mövcud olduğunu göstərir”.
A. Məsiyev qeyd edib ki, Rusiya rəhbərliyi NATO-nun genişlənməsini və Ukraynanın Qərblə hərbi-siyasi yaxınlaşmasını öz təhlükəsizliyinə təhdid hesab edirdi:
“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə ABŞ və NATO rəhbərliyinə müraciət edərək Alyansın ölkənin sərhədlərinə doğru irəliləməsinə aydınlıq gətirilməsini tələb edib. Lakin bu narahatlıqlar nəzərə alınmadı. Putin əvvəlki Rusiya rəhbərləri Qorbaçov və Yeltsindən fərqli olaraq, kifayət qədər dövlətçilik təcrübəsinə malik siyasətçi kimi ölkəsinin gələcək taleyinə biganə qala bilməzdi. Nəticədə Rusiya öz gücünü nümayiş etdirmək qərarına gəldi və Ukraynada hərbi əməliyyatlara başladı.
Hazırda baş verənləri yalnız Rusiya ilə Ukrayna arasında müharibə kimi qiymətləndirmək düzgün deyil. Burada NATO bloku ilə Rusiya arasında daha geniş geosiyasi qarşıdurma mövcuddur. Mənim qənaətimə görə, Rusiya həm hərbi, həm də siyasi müstəvidə üstün mövqedədir. Ukraynanın ərazilərinin bir hissəsini itirməsi və danışıqlar prosesində Rusiyanın öz şərtlərini irəli sürməsi bunu göstərir”.

Həmsöhbətimiz hesab edir ki, münaqişənin həlli zamanı yalnız Ukraynanın deyil, Rusiyanın da təhlükəsizlik maraqları nəzərə alınmalıdır:
“Bu gün ABŞ, Avropa İttifaqı və Ukrayna ölkənin gələcək təhlükəsizliyinə zəmanət axtarır. Ancaq sual yaranır: Ukraynanın təhlükəsizliyinə zəmanət verilirsə, Rusiyanın təhlükəsizliyi necə təmin olunacaq? Rusiya tərəfi NATO-nun 1997-ci ilədək mövcud olan hərbi-siyasi vəziyyətə qayıtmasını, Alyansın Rusiya sərhədlərinə doğru genişlənməsinin dayandırılmasını və sərhədyanı dövlətlərin neytral statusda olmasını tələb edir.
Ukraynanın ərazi güzəştləri qarşılığında NATO-ya üzv qəbul edilməsi də problemin həlli deyil. Əksinə, bu, gələcəkdə yeni münaqişənin yaranmasına səbəb ola bilər. Ukrayna hərbi baxımdan gücləndikdən sonra itirdiyi əraziləri geri qaytarmaq üçün yenidən müharibəyə başlaya bilər. Buna görə də hesab edirəm ki, Ukrayna neytral dövlət olmalı, heç bir hərbi bloka qoşulmamalı və böyük güclərin geosiyasi maraqlarının alətinə çevrilməməlidir”.
Siyasi şərhçi əlavə edib ki, Gürcüstan və Ukraynanın timsalında Qərbin Rusiya ətrafındakı ölkələrə təsir siyasətinin nəticələrini görmək mümkündür:
“Gürcüstan Saakaşvili dövründə Qərbin siyasətində alətə çevrildi və nəticədə ərazi itkiləri ilə üzləşdi. Ukraynada da oxşar proses baş verdi. Hazırda Ermənistanın da bu istiqamətdə hərəkət etdiyini düşünürəm. Qərb Rusiya ətrafındakı dövlətləri öz təsir dairəsinə salaraq onlardan Moskva əleyhinə istifadə etməyə çalışır, amma nəticədə həmin ölkələr ciddi siyasi və ərazi problemləri ilə üzləşirlər.
Zelenskiyə aid edilən bir fikri də xatırlatmaq istəyirəm: Amerika ilə düşmən olmaq faciədirsə, onunla dost olmaq ölümcül faciədir. Bu gün ABŞ dünyada siyasi və iqtisadi xaos yaradaraq həmin vəziyyətdən öz maraqları naminə istifadə edir. İqtisadi xaos sosial problemlərə, sosial problemlər isə iğtişaşlara yol açır. Avropada baş verən proseslər də bunun nümunəsidir. Hesab edirəm ki, Ukraynada yaşananlar da ABŞ-nin uzunmüddətli strateji planının tərkib hissəsidir”.
Sevinc


