Sosial şəbəkələrdə fotoların icazəsiz yayılmasının qarşısını almaq üçün nələr edilməlidir?

SOSİAL
16:42 / 17.11.2026
141

Müasir dövrdə insanları sosial şəbəkələrdən kənar təsəvvür etmək xeyli çətinləşib.

İnsanlar şəxsi həyatlarına aid foto və məlumatları müxtəlif platformalarda paylaşırlar. Ancaq əfsuslar olsun ki, bəzi hallarda həmin görüntülər və məlumatlar onların razılığı olmadan yayılır, hətta müəyyən hallarda pis niyyətli məqsədlər üçün istifadə edilir. Bu isə şəxsi həyatın toxunulmazlığı, informasiya təhlükəsizliyi və insan hüquqlarının qorunması baxımından ciddi narahatlıq doğurur. 

Bəs internetdə şəxsi məlumatların və fotoların icazəsiz yayılmasının qarşısını almaq üçün hansı hüquqi, texniki və maarifləndirici tədbirlər görülməlidir?

Hüquqşünas Tağı Hüseynov Hit.az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində böhtan və təhqirə görə nəzərdə tutulan cəzalar sərtləşdirilməlidir:

“Xüsusilə internet və sosial şəbəkələr vasitəsilə şəxslərin bir-birini ağır cinayətlərdə ittiham etməsi, əsassız məlumatlar yayması və təhqir etməsi hallarında mövcud cəzalar yetərli deyil. Fikrimcə, bu cür əməllərə görə cəzalar daha sərt olmalıdır. 

Hazırda pul cəriməsi, ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə kimi cəza növləri nəzərdə tutulur. Lakin bu cəzaların, xüsusilə də cərimələrin məbləği artırılmalıdır. Hesab edirəm ki, cəzalar sərtləşdirilərsə, bu cür halların sayı əhəmiyyətli dərəcədə azala bilər”.

416129

O, mənəvi zərərin müəyyənləşdirilməsi və kompensasiya məbləğinin hesablanması mexanizminin də təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb: 

“Mülki Məcəllənin 23-cü maddəsində şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı müddəalar yer alır. Lakin mənəvi zərərin hesablanması mexanizmi Azərbaycanda hələ də tam aydın və düzgün formalaşmayıb. Bəzən məhkəmələrdə mənəvi zərərin dəydiyini sübut etmək üçün şəxsdən həmin hadisə zamanı səhhətində problem yarandığını, ürəyinin getdiyini və ya başqa bir fəsad baş verdiyini təsdiqləyən sənədlər tələb olunur. Halbuki insanın mənəvi sarsıntı keçirməsi mütləq fiziki sağlamlığında ciddi fəsadla nəticələnməyə bilər. Buna görə də mənəvi zərərin qiymətləndirilməsi daha obyektiv meyarlar əsasında aparılmalıdır”.

Ekspert hesab edir ki, böhtan və təhqirə görə tətbiq olunan cərimələrin məbləği də əhəmiyyətli dərəcədə artırılmalıdır: 

“Məsələn, qanunvericilikdə 1000-1500 manat civarında nəzərdə tutulan cərimələr 10 min, 20 min manata qədər artırıla bilər. Düşünürəm ki, cərimələrin məbləği kifayət qədər yüksək olmalıdır ki, insanlar bu cür əməllərə yol verməkdən çəkinsinlər. Əgər cəza mexanizmləri sərtləşdirilərsə, heç olmasa insanlar maddi məsuliyyətdən çəkinərək başqalarına qarşı əsassız ittihamlar səsləndirməkdən və təhqiramiz ifadələr işlətməkdən uzaq durarlar”.

Sevinc

0