Sosial şəbəkədə foto paylaşanda DİQQƏTLİ OLUN

SOSİAL
13:40 / 18.11.2026
72

Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib.

İnsanlar sevincini, kədərini, gündəlik fəaliyyətini, səyahətlərini və hətta ən adi anlarını belə foto və videolar vasitəsilə ictimailəşdirirlər. Bir neçə saniyə ərzində çəkilən “selfie”, ailə fotosu, dostlarla keçirilən görüş və ya istirahət zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşılır. Bu, artıq müasir həyatın adi davranışlarından birinə çevrilib. İnsanlar paylaşdıqları görüntülərin kimlərin əlinə keçə biləcəyini, hansı məqsədlə istifadə olunacağını çox vaxt düşünmürlər. Halbuki bəzən heç bir təhlükə görmədən paylaşdığımız fotolar başqalarının əlində ciddi təhdid və şantaj vasitəsinə çevrilə bilir.

Xüsusilə süni intellekt texnologiyalarının sürətli inkişafı bu təhlükəni daha da aktuallaşdırıb. Əvvəllər foto və videoların saxtalaşdırılması müəyyən texniki bilik və peşəkar proqramlar tələb edirdisə, indi süni intellekt vasitəsilə bunu daha asan həyata keçirmək mümkündür. Hər hansı şəxsin sosial şəbəkədəki adi fotosundan istifadə etməklə onun heç vaxt iştirak etmədiyi hadisəni əks etdirən görüntülər hazırlana, üzü başqa bir şəxsin bədəninə yerləşdirilə və ya seksual xarakterli saxta materiallar yaradıla bilər. Bu texnologiyaların pis niyyətli şəxslərin əlinə keçməsi isə insanların şəxsi həyatını, nüfuzunu və təhlükəsizliyini ciddi risk qarşısında qoyur.

Məsələnin ən narahatedici tərəfi odur ki, hazırlanan saxta görüntülər bəzən həqiqi material kimi təqdim olunur. Nəticədə zərərçəkən şəxs heç vaxt etmədiyi bir hərəkətə görə cəmiyyət qarşısında izahat vermək məcburiyyətində qalır. Onun ailəsi, yaxınları, iş və təhsil mühiti bu hadisədən təsirlənə bilər. Bəzi hallarda isə həmin görüntülərdən pul tələb etmək, hədə-qorxu gəlmək, şəxsi müəyyən istəkləri yerinə yetirməyə məcbur etmək üçün istifadə olunur. Beləliklə, texnoloji imkanlar bir insanın həyatına müdaxilə və psixoloji təzyiq vasitəsinə çevrilir.

Bu problemin Azərbaycanda da real təhlükəyə çevrildiyini son günlər baş verən hadisə bir daha göstərdi. Belə ki, müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin sosial şəbəkələrdən əldə edilmiş foto və videoları süni intellekt vasitəsilə montaj edilərək saxta hesablarda paylaşılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin görüntülərin silinməsi müqabilində tələbələrdən pul tələb edən 25 yaşlı şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılıb. Bu hadisə sosial şəbəkələrdə paylaşdığımız görüntülərin hansı təhlükələrlə üzləşə biləcəyini bir daha gündəmə gətirib.

Burada diqqətçəkən əsas məqamlardan biri də zərərçəkənlərin tələbələr olmasıdır. Gənclər sosial şəbəkələrdən daha fəal istifadə edir, gündəlik həyatlarını, dostları ilə görüşlərini, şəxsi anlarını daha çox paylaşırlar. Lakin bu aktivlik onların görüntülərinin icazəsiz götürülməsi və başqa məqsədlərlə istifadəsinə heç bir əsas vermir. İnsanın açıq profildə foto paylaşması həmin görüntünün dəyişdirilməsinə, saxta məzmun hazırlanmasına və ya alçaldıcı formada yayılmasına razılıq verdiyi anlamına gəlmir.

Digər mühüm məsələ isə bu cür hadisələrin zərərçəkənlərin psixoloji vəziyyətinə təsiridir. Saxta görüntülərin yayılması insanlarda qorxu, utanc, narahatlıq, özünəinamın azalması və sosial mühitdən uzaqlaşma kimi nəticələr yarada bilər. Xüsusilə gənclər arasında belə hadisələr təhsil həyatına, ailə münasibətlərinə və gələcək planlara mənfi təsir göstərə bilər. Bəzən zərərçəkənlər qınaq və yanlış anlaşılma qorxusundan başlarına gələnləri ailələrindən belə gizlədirlər. Bu isə şantaj edən şəxslərin daha rahat təzyiq göstərməsinə şərait yaradır.

Təəssüf ki, problemin başqa bir tərəfi də cəmiyyətin belə hadisələrə münasibətidir. Saxta görüntülər yayıldıqda bəzi istifadəçilər materialın həqiqiliyini araşdırmadan onu paylaşır, şərhlər yazır və zərərçəkəni müzakirə obyektinə çevirirlər. Belə yanaşma isə vəziyyəti daha da ağırlaşdırır. Çünki hər yeni paylaşım görüntünün daha geniş auditoriyaya çatmasına, zərərçəkənin daha çox insan qarşısında hədəfə çevrilməsinə səbəb olur. Bu baxımdan, cəmiyyətin rəqəmsal məsuliyyət anlayışını mənimsəməsi də vacibdir. Şübhəli görüntünü yaymaq əvəzinə, onun saxta ola biləcəyini nəzərə almaq və zərərçəkənin hüquqlarına hörmətlə yanaşmaq lazımdır.

Hüquqi baxımdan da məsələ kifayət qədər ciddidir. Azərbaycan qanunvericiliyində şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, şərəf və ləyaqətin müdafiəsi hüquqi təminat altındadır. Başqasının görüntüsündən qanunsuz istifadə etmək, onu alçaldıcı və seksual xarakterli formada hazırlamaq və yaymaq, eləcə də həmin materiallarla şəxsi hədələyərək pul tələb etmək hüquqi məsuliyyət yarada bilər. Burada əsas məqam odur ki, süni intellektdən istifadə edilməsi törədilən əməlin mahiyyətini dəyişmir. Texnologiya vasitədir, lakin bu vasitədən istifadə etməklə şəxsin hüquqlarının pozulması məsuliyyətsiz qala bilməz.

Sevinc

0