Tək gələn müştəri restorana buraxılmaya bilərmi?

SOSİAL
11:44 / 17.11.2026
29

Bu günlərdə sosial şəbəkələrdə yayılan bir restoranlar şəbəkəsinə tək gələn şəxslərin qəbul edilmədiyi, müştərilərin restorana cüt şəkildə daxil olmalı olduğu barədə məlumat geniş müzakirələrə səbəb olub. 

Məlumat doğrudursa, bu yanaşma istər-istəməz bir sıra suallar yaradır. Təsəvvür edək ki, bir insan işdən çıxıb, gün ərzində yorulub və yolüstü restorana daxil olaraq nahar etmək istəyir. Yaxud başqa şəhərdən Bakıya gəlib, vaxtını dəyərləndirmək üçün bir məkanda oturub yemək qərarına gəlir. Bu halda onun yanında mütləq başqa bir şəxsin olmasının tələb edilməsi nə dərəcədə məntiqlidir?

Restoran insanların qidalanmaq, dincəlmək, görüşmək və vaxt keçirmək üçün üz tutduğu ictimai məkanlardan biridir. Kimsə dostları ilə, kimsə ailəsi ilə, digəri isə təkbaşına restorana getməyi seçə bilər. Bu, tamamilə şəxsi seçim məsələsidir. Üstəlik, tək gələn müştərinin də digər müştərilər kimi xidmət almaq və özünü rahat hiss etmək haqqı var. Bir şəxsin restorana kiminlə gələcəyini müəyyənləşdirmək, yaxud onu yalnız tək olduğu üçün qəbul etməmək hansı zərurətdən irəli gəlir? 

Müəssisənin daxili qaydaları müştərinin ən adi seçim azadlığını məhdudlaşdıracaq həddə çata bilərmi? Əslində, müzakirənin əsas mahiyyəti də məhz budur restorana gələn insanın yanında kimin olmasından daha çox, onun müştəri kimi qəbul edilməsi və xidmət almaq hüququ önəmli deyilmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, restoranların müştərilərə müəyyən sayda şəxslə gəlmək şərti qoyması istehlakçı hüquqlarının pozulmasıdır: 

416101

“Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri kifayət qədər effektiv deyil. Bəzi restoranlar daxili qaydalarını əsas gətirərək müştərilərə əsassız məhdudiyyətlər tətbiq edirlər. Tək gələn şəxslərin restorana buraxılmaması, müəyyən sayda qonaqla gəlmək tələbi, əlavə xidmətlərə görə əvvəlcədən razılaşdırılmamış ödənişlərin istənilməsi bu cür hallardandır. Bəzi müəssisələrdə hətta boş kabinetdə əyləşmək üçün müştəridən əlavə 50 manat tələb edildiyi hallar da yaşanıb”.

E.Hüseynov vurğulayıb ki, restoranın özəl obyekt olması istehlakçı hüquqlarını istənilən formada məhdudlaşdırmaq səlahiyyəti vermir: 

“Qanunvericilikdə müştərinin restorana dörd nəfərlik qrupla gəlməsi ilə bağlı hər hansı tələb nəzərdə tutulmayıb. Bu cür halların qarşısını almaq üçün dövlət nəzarəti gücləndirilməli, istehlakçıların şikayətləri əsasında ciddi araşdırmalar aparılmalıdır. Əks halda, müştərilərə qarşı əsassız tələblər həm istehlakçı hüquqlarına, həm də ölkənin turizm imicinə mənfi təsir göstərə bilər”.

Sevinc

0