Məlumdur ki, hibrid iş modeli artıq müasir əmək bazarının əsas istiqamətlərindən birinə çevrilib.
Texnologiyanın inkişafı və iş mühitində baş verən dəyişikliklər işçilərə həm ofisdən, həm də məsafədən çalışma imkanı yaradır. Bu yanaşma əməkdaşlara iş və şəxsi həyat arasında daha yaxşı balans qurmağa, vaxtdan səmərəli istifadə etməyə və gündəlik iş proseslərini daha rahat təşkil etməyə şərait yaradır. Eyni zamanda, hibrid iş modeli işəgötürənlər üçün də müəyyən üstünlüklər vəd edir.
Bəs bu iş modelinin əsas üstünlükləri nələrdir və onun tətbiqi əmək məhsuldarlığına necə təsir göstərir?
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, COVID 19 pandemiyası dünya miqyasında əmək münasibətləri üçün yeni iş sistemi meydan gətirdi:
“Məhz 2020-ci ildən başlayaq bütün dünyada məsafədən çalışmaq modeli sürətlə qüvvəyə mindi. Azərbaycanda o zamana qədər bu iş sistemi ilə cəmiyyət tanış deyildi. Həmçinin, son bir neçə il ərzində artıq yeni idarəetmə mexanizmlərinin, süni intellekt və texnologiyalar vasitəsi ilə iş rejiminin qurulması artıq məsafədən çalışmaq və bunun ardınca bütövlükdə Hibrid əmək sisteminin qaçılmaz zərurət olduğunu ortaya qoydu.
Hibdrid iş sistemi bir çox parametrləri ilə müasir dünyadakı proseslər üçün cəzbedici və səmərəlidir. Bütün günü ənənəvi və oturaq həyat tərzinə son qoymaqla məsafədən çalışmaq, müasir dünya gedişatına uyğunlaşmaq sürətli informasiya dövrü üçün olduqca önəmli məqamdır”.

Ekspert qeyd edib ki, bu iş rejimi işçilər üçün daha yüksək iş-həyat balansı, şirkətlər üçün isə ofis xərclərinin azalması və daha geniş istedad bazasından işçi cəlb etmək imkanı yaradır:
“Hibrid iş sistemi həm də işəgötürənin maddi və texnoloji, habelə ofis yerində xərcləyəcəyi kommunal və icarə xərclərindən azad olunması deməkdir. Əsasən də çalışan insanlar üçün bu əmək rejimi daha yaxşı sosial və maddi dəstək, habelə əmək qabiliyyətini başqa sahələrə də tətbiq etmək imkanları yaradır. İşçi hər gün işə gedib-gəlmədiyi üçün əlavə yorğunluq yaşamır, nəqliyyat və evdən kənar nahar xərcləri azalır ki, bu da həm sosial komfort, həm də maliyyə baxımından üstünlükdür”.
Həmöhbətimiz diqqətə çatdırıb ki, hazırda Bakı şəhəri əhali sıxlığından ciddi əziyyət çəkir və şəhərdə güclü nəqlyyat sıxlığı, hətta saatlarla sürən tıxac problemləri yaşanır:
“Hər gün on minlərlə insan səhər saat 7-dən başlayaraq avtobus və metrolarda basabas yaradaraq işə tələsirlər. Bu həm də Bakı kimi paytaxt şəhərin ekoloji durumuna və nəqliyyat sektoruna böyük zərbə yaradır. Yəni bu iş modelinin digər müsbət tərəfi şəhər yükünün azalmasıdır. Çünki işə gedib-gələnlərin sayı azaldıqca, tıxaclar da qismən azalır ki, bu da ümumi iqtisadi effektivliyə müsbət təsir edir. Eyni zamanda, şirkətlər də ofis, kommunal və digər xərclərə qənaət etmiş olur”.
Sosioloq hesab edir ki, hibrid iş rejimi, ən önəmlisi insanlara əmək qabiliyyətindən daha səmərəli istifadəyə, mümkün olduğu qədər vaxtını düzgün bölərək, digər işləri də görməyə və daha çox gəlir əldə etməyə kömək edir:
“Yəni insan sovet dövründən qalan oturuşmuş əmək rejimində olduğu kimi səhərdən axşama qədər bir yerdə çalışmaq məcburiyyətində qalmır. Bu fakt hazırda ciddi sosial gərginlik və işsizlik problemləri yaşayan cəmiyyət üçün önəmli məsələdir. Ancaq bu sistemin zərər yarada biləcək tərəfləri də var.
İlk növbədə məsafədən çalışmaq sosial tənhalıq, psixoloji yorğunluq, kollektiv ab-havası əvəzinə özünə qapanmaq kimi zərərli vərdişlərə yol aça bilər. Çünki çox sayda tətbiqdən istifadə diqqətin parçalanmasına və əlavə yorğunluğa səbəb ola bilər. Yuxarıda qeyd etdiyim kimi, iş və şəxsi həyat arasındakı sərhədlərin qorunması da vacib məsələlərdən biridir. Evdən işləyərkən iş saatlarının uzanması tükənmişlik riskini artıra bilər”.
M.Salahov onu da əlavə edib ki, burada gün ərzində vaxtını tam səmərəli şəkildə bölüşmək və bu mənfi halların yaranmasına yol verməmək önəmli məsəldir:
“Düzgün rəqəmsal alətlər komanda üzvlərinin məlumatlara və tapşırıqlara çıxışını asanlaşdırır. Lakin çox sayda tətbiqdən istifadə diqqətin parçalanmasına və əlavə yorğunluğa səbəb ola bilər. İş və şəxsi həyat arasındakı sərhədlərin qorunması da vacib məsələlərdən biridir. Evdən işləyərkən iş saatlarının uzanması tükənmişlik riskini artıra bilər. Məncə peşəkar şirkət və müəssisələr, habelə işçi heyəti hibrid əmək sisteminin bütün incəliklərini araşdırıb daha sonra işə başlamalıdırlar”.
Sevinc

