Duş qəbul edərkən əvvəl saç, üz, yoxsa bədən yuyulmalıdır?

SAĞLAMLIQ
10:36 / 18.11.2026
37

Gündəlik duş qəbul edərkən saçın, üzün və bədənin hansı ardıcıllıqla yuyulması məsələsi mütəxəssislər arasında müzakirə mövzusuna çevrilib. Bəzi mütəxəssislər duşun saçların yuyulması ilə başlamasını, digərləri isə əvvəlcə bədənin təmizlənməsini tövsiyə edirlər. Duş üçün ideal vaxtla bağlı da fərqli yanaşmalar mövcuddur.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “CHIP” nəşri məlumat yayıb.

Lester Universitetinin mikrobioloqu, doktor Primrouz Fristonun fikrincə, duş qəbul edərkən ilk növbədə saçlar şampunla yuyulmalı, daha sonra saç kremindən istifadə edilməlidir. Növbəti mərhələdə üz təmizlənməli, sonda isə qollar, çiyinlər, kürək və bədənin digər hissələri sabunlanaraq yaxalanmalıdır.

Mütəxəssis hesab edir ki, bu ardıcıllıq saç məhsullarının qalıqlarının dəridə qalmasının qarşısını almağa kömək edir. Onun sözlərinə görə, gigiyena baxımından iki gündən bir duş qəbul etmək də kifayət edə bilər. Bununla belə, gündəlik duş almağa üstünlük verənlər üçün də bu vərdiş qəbulediləndir.

Bədəni əvvəl yumaq daha doğrudur?

KSL Klinikasının klinik direktoru, doktor Mate Rajput isə fərqli mövqe sərgiləyir. O, duş zamanı əvvəlcə bədənin, sonra üzün, ən sonda isə saçların yuyulmasını məsləhət görür.

Rajputun fikrincə, şampun və saç kremindən qalan maddələr dəri və baş dərisində uzun müddət qaldıqda məsamələrin tutulmasına səbəb ola bilər. Bu isə saç köklərinə mənfi təsir göstərərək onların sağlam inkişafına mane ola, bəzi hallarda saçların seyrəlməsi ilə nəticələnə bilər.

Beləliklə, mütəxəssislər duş zamanı izlənilməli ardıcıllıqla bağlı vahid mövqeyə malik deyillər.

Duş neçə dəqiqə davam etməlidir?

Müzakirənin digər mövzusu duşun optimal müddətidir. Surrey Universitetinin ətraf mühit üzrə alimi, doktor Pablo Pereira-Doel yalnız bədənin təmizlənməsi üçün üç dəqiqəlik duşu məqsədəuyğun hesab edir. Saçların da yuyulması lazım gəldikdə isə bu müddətə əlavə iki dəqiqə artırılmasını tövsiyə edir.

Su sərfiyyatını azaltmaq istəyənlər üçün daha qısa üsullar da təklif olunur. Məsələn, sabunlanarkən suyu bağlamaq şərtilə bədənin yaxalanması təxminən bir dəqiqə, şampunla saçların yuyulması iki dəqiqə, saç kremindən istifadə isə əlavə bir dəqiqə çəkə bilər.

Mütəxəssislərin fikirlərindən belə nəticəyə gəlmək olar ki, duş zamanı hamı üçün keçərli olan vahid ardıcıllıq müəyyən edilməyib. Əsas məsələ şəxsi gigiyenaya riayət etmək, istifadə olunan vasitələrin qalıqlarını yaxşı yaxalamaq və su sərfiyyatına diqqət yetirməkdir.

Samir
 

0