Böyük Britaniyanın nəhəng avtomobil istehsalçısı “Jaguar Land Rover” (JLR) əfsanəvi “Defender” ailəsinə daxil olacaq tamamilə elektrikli kompakt yolsuzluq modelinin təqdimat qrafikini təsdiqləyib.
Hit.az xəbər verir ki, mövcud “Defender” seriyasının daha kiçik ölçülü versiyası kimi mövqeləndiriləcək yeni nəqliyyat vasitəsinin 2027-ci ilin sonunda bazara çıxarılması planlaşdırılır.
Yeni elektrikli “Defender” şirkətin İngiltərənin Mersisayd qraflığında yerləşən Heylvud zavodunda konveyerdən çıxacaq. Avtomobil JLR-in yeni nəsil elektromobillər üçün xüsusi olaraq işləyib hazırladığı EMA (Electrified Modular Architecture) modulyar arxitekturası üzərində inşa olunacaq.

Qeyd edək ki, mövcud “Defender 90”, “110” və “130” modellərindən daha yığcam (təxminən 4,5-4,6 metr uzunluğunda) olacaq yeni model künclü klassik dizayn xətlərini və brendin sərt yolsuzluq imkanlarını tam şəkildə qoruyub saxlayacaq. Həmçinin, yolsuzluq performansını təmin etmək məqsədilə avtomobilin iki elektrik mühərrikli və dörd təkərdən çəkişli (4WD) sistemlə təchiz ediləcəyi gözlənilir.
Onu da bildirək ki, avtomobil sənayesində yeni modelin satışa “Defender 80” və ya “Defender Sport” adı ilə çıxarılacağı müzakirə olunur. İlkin mərhələdə tam elektrikli versiyada debüt edəcək avtomobilin 2028-ci ildə hibrid güc aqreqatı ilə də təklif olunacağı istisna edilmir. “EMA platformasının həm elektrik, həm də hibrid sistemləri dəstəkləməsi modelin müxtəlif bazarların tələblərinə uyğunlaşdırılmasına imkan verəcək.
Xatırladaq ki, “Jaguar Land Rover” qısa müddət öncə 1000 at gücünə malik tam elektrikli “Jaguar Type 01” modelini də nümayiş etdirmişdi. Kompakt elektrikli “Defender” konsernin qlobal elektrifikasiya strategiyasının növbəti əsas mərhələsini təşkil edəcək.
Pərviz

