“Dünyada enerji təhlükəsizliyi anlayışı sürətlə dəyişir. Əgər ötən əsrdə dövlətlərin enerji gücü əsasən neft və qaz ehtiyatları ilə ölçülürdüsə, XXI əsrdə bu gücün mühüm göstəricilərindən biri də bərpaolunan enerji istehsalı və onun beynəlxalq bazarlara çıxarılması imkanlarıdır”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu yeni reallığı düzgün qiymətləndirərək ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji potensialının inkişafını da strateji prioritetə çevirib:
“Prezident İlham Əliyevin müəyyən etdiyi enerji siyasətinin mühüm istiqamətlərindən biri ölkəmizin həm ənənəvi, həm də alternativ enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin genişləndirilməsidir. Azərbaycanın yaşıl enerji sahəsində imkanları kifayət qədər genişdir. Ölkəmizin quruda bərpaolunan enerji üzrə iqtisadi potensialı təxminən 27 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin texniki potensialı isə 157 giqavat qiymətləndirilir.
Bu göstəricilər Azərbaycanın gələcəkdə yalnız öz enerji tələbatını ödəmək deyil, həm də yaşıl elektrik enerjisinin ixracatçılarından birinə çevrilmək imkanlarını ortaya qoyur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi həm iqtisadi, həm də ekoloji baxımdan mühüm perspektivlər yaradır”.
Millət vəkili qeyd edib ki, burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə deyil, həm də beynəlxalq enerji marşrutlarının formalaşmasında iştirak edən dövlətdir:
“Vaxtilə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan indi yaşıl enerji dəhlizlərinin yaradılmasında mühüm rol oynamağa hazırlaşır. Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi, Naxçıvan üzərindən Türkiyə və Avropaya elektrik enerjisinin ötürülməsi layihələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq əməkdaşlıq imkanları da genişlənir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin və Avropa ölkələrinin şirkətləri ilə həyata keçirilən və planlaşdırılan layihələr göstərir ki, Azərbaycanın yaşıl enerji sektoru xarici investorlar üçün cəlbedici istiqamətə çevrilir. Eyni zamanda, Qazaxıstan və Özbəkistanla əməkdaşlıq Xəzər hövzəsində yeni enerji bağlantılarının qurulmasına imkan yaradır. Perspektivdə Azərbaycan Mərkəzi Asiyada istehsal olunan yaşıl elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasında mühüm tranzit ölkə rolunu da oynaya bilər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, məsələnin digər mühüm tərəfi iqtisadi dividendlərdir:
“Yaşıl enerji layihələri yeni investisiyalar, müasir texnologiyalar, ixtisaslı iş yerləri və əlavə ixrac imkanları deməkdir. Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılması daxili istehlakda təbii qaza qənaət etməyə və onun ixrac imkanlarını genişləndirməyə də şərait yarada bilər. Bununla belə, bu potensialın tam reallaşdırılması üçün elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlama sistemlərinin inkişafı və beynəlxalq ötürücü infrastrukturun qurulması vacibdir”.
Deputat hesab edir ki, Azərbaycanın yaşıl enerji strategiyasının ən mühüm xüsusiyyəti onun iqtisadi maraqlarla geosiyasi imkanları birləşdirməsidir:
“Əgər neft və qaz Azərbaycanın dünya enerji xəritəsində mövqeyini möhkəmləndiribsə, yaşıl enerji bu mövqenin yeni dövrün tələblərinə uyğun genişlənməsi üçün əlavə imkanlar yaradır. Bu, sadəcə enerji mənbələrinin dəyişməsi deyil, ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının şaxələndirilməsi, iqtisadi dayanıqlığının artırılması və gələcək nəsillər üçün daha sağlam inkişaf modelinin formalaşdırılması deməkdir”.
Elmir Mustafa



