“Özünəinam və özünəhörmət çox vaxt eyni şey kimi qəbul olunur, amma əslində bir-birindən fərqlidir”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, özünəinam “mən bunu bacara bilərəm” hissidir:
“Özünəhörmət isə “mən bacarmadığım, səhv etdiyim və ya kiminsə məni seçmədiyi halda belə dəyərliyəm” deyə bilməyimizdir. Müraciətlərdə ən çox gördüyüm məsələlərdən biri budur ki, insan dəyərini özü deyil, başqalarının münasibətinə görə müəyyən edir.
Kimsə onu tərifləyəndə özünü yaxşı hiss edir, tənqid edəndə özünə şübhə etməyə başlayır. Münasibətdə qarşı tərəf diqqət göstərirsə, özünü sevilən və dəyərli hiss edir. Qarşı tərəf uzaqlaşanda isə “deməli, məndə problem var” düşünür. Sosial mediada başqalarının həyatını gördükcə özünü müqayisə edir və özündə olmayanları daha çox görməyə başlayır”.
Lakin ekspert qeyd edib ki, bir insanın səni seçməməsi sənin dəyərsiz olduğunu göstərmir:
“Birinin səni bəyənməməsi də sənin kifayət qədər yaxşı olmadığın anlamına gəlmir. İnsanların sənin haqqında düşündüyü şey onların baxışıdır, sənin obyektiv dəyərin deyil. Özünəhörmət ilk növbədə insanın özü ilə münasibətindən başlayır.
Özünlə necə danışırsan? Səhv etdikdə özünü alçaldırsan, yoxsa “bu dəfə alınmadı, amma yenidən cəhd edə bilərəm” deyə bilirsən? Başqalarına göstərdiyin anlayışı özünə də göstərə bilirsənmi? Özünəinamı artırmaq üçün böyük dəyişikliklərdən başlamağa ehtiyac yoxdur”.
Psixoloq diqqətə çatdırıb ki, özünə verdiyin kiçik sözləri tutmaq, ehtiyaclarını nəzərə almaq, istəmədiyin şeylərə “yox” demək, özünü daim başqaları ilə müqayisə etməmək və hər kəsi razı salmağa çalışmağı buraxmaq çox vacibdir:
“Çünki insan hər dəfə öz ehtiyacını qoruduqda və özünə verdiyi sözü tutduqda beyninə bir mesaj verir: “Mən özümə güvənə bilərəm.” Məsələn, istəmədiyin bir görüşə sırf kiminsə xətrinə dəyməsin deyə getmirsənsə, bu eqoistlik deyil. Yorulduğunu hiss etdiyin halda özünə istirahət verməyin tənbəllik deyil. Bir münasibətdə səni narahat edən davranışa sərhəd qoymağın da “çox tələbkar olmaq” demək deyil.
Bəzən özünəhörmət başqalarının səndən narazı qalmasını da qəbul edə bilməkdir. Çünki hər kəsi razı salmağa çalışdıqca bir müddət sonra öz istəklərini belə eşitməməyə başlayırsan. “Mən nə istəyirəm?” sualının yerini “Onlar məndən nə gözləyir?” sualı tutur. Və ən əsası, öz dəyərini başqalarının fikrindən ayırmağı öyrənmək lazımdır. Səni hamı bəyənməyə bilər. Sən səhv edə bilərsən. Bəzən uğursuz ola bilərsən, rədd edilə bilərsən. Bəzən münasibətin bitə bilər, işdə istədiyin nəticəni əldə etməyə bilərsən. Amma bunların heç biri sənin insan kimi dəyərini müəyyən etmir”.
Ülviyyə Ağazadənin sözlərinə görə, əsl özünəhörmət “mən hamıdan yaxşıyam” demək deyil:
“Əksində, “Mən başqalarından üstün deyiləm, amma özümü də başqalarından aşağı görmürəm” deyə bilməkdir. Əgər insan uzun müddətdir özünü dəyərsiz hiss edirsə, bunun altında uşaqlıqdan gələn tənqidlər, daim müqayisə olunmaq, rədd edilmə təcrübələri, münasibətlərdə yaşanan incikliklər və formalaşmış mənfi inanclar ola bilər. Bu halda sadəcə “özünə inan” demək kifayət etmir. Həmin inancların haradan gəldiyini anlamaq və onların üzərində işləmək lazımdır.
Çünki məqsəd başqalarının fikrini heç vecinə almamaq deyil. Bu, real deyil. Məqsəd onların fikrini eşidə bilmək, amma özün haqqında son qərarı yalnız onların fikrinə əsasən verməməkdir. Bir gün özünə bunu deyə bildiyin zaman çox şey dəyişir: “Məni hamı sevməyə bilər. Mən hər şeyi mükəmməl etməyə bilərəm. Ancaq mən yenə də öz tərəfimdəyəm.” Məncə, sağlam özünəhörmət məhz burada başlayır”.
Pərviz


