Qida əlavələri dərmanları əvəz edə bilər? – Həkimdən AÇIQLAMA

SAĞLAMLIQ
12:08 / 18.11.2026
143

Son illər insanların sağlamlıqlarına daha çox diqqət yetirməsi ilə yanaşı, müxtəlif vitaminlərə, minerallara və bioloji fəal qida əlavələrinə maraq da artıb. 

Bu gün bir çox insan orqanizmini gücləndirmək, immun sistemini dəstəkləmək, yorğunluğu aradan qaldırmaq və müəyyən sağlamlıq problemlərinin qarşısını almaq məqsədilə bu məhsullara üz tutur. Hətta bəzi hallarda həkimlər də pasiyentlərə müalicə prosesinə əlavə olaraq müəyyən qida əlavələri tövsiyə edirlər.

Lakin cəmiyyətdə bu məhsullarla bağlı bir sıra suallar və yanlış təsəvvürlər də mövcuddur. Bəziləri qida əlavələrini adi vitamin kompleksi hesab edir, digərləri isə onların dərman preparatları qədər təsirli olduğunu düşünür. Halbuki qida əlavələri ilə dərman vasitələri arasında həm təyinat, həm də təsir baxımından ciddi fərqlər var.

Bəs əslində qida əlavələri nədir? Qida əlavələri xəstəliklərin müalicəsində istifadə olunan dərmanları əvəz edə bilərmi? 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, bəzi qida əlavələri müəyyən hallarda tibbi tövsiyə əsasında istifadə oluna bilər:

416214

“Lakin bunun üçün ilk növbədə məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizlik göstəriciləri yoxlanılmalıdır. Ölkəyə idxal edilən bu vasitələr müvafiq laborator müayinələrdən keçirilməli, müəyyən edilmiş standartlara uyğunluğu təsdiqləndikdən sonra satışına icazə verilməlidir. 

Mənşəyi və tərkibi məlum olmayan, xüsusilə sosial şəbəkələr vasitəsilə reklam edilən məhsullardan istifadə ciddi sağlamlıq riskləri yarada bilər. Buna görə də vətəndaşlar belə vasitələri özbaşına almamalı, seçimlərini həkim məsləhəti əsasında etməlidirlər”.

Professor qeyd edib ki, qida əlavələrinin tərkibində müxtəlif vitaminlər, minerallar və digər bioloji aktiv maddələr ola bilər:

“Bəzi hallarda bu maddələr orqanizmdə müəyyən vitaminlərin mənimsənilməsi və funksiyasının dəstəklənməsində rol oynayır. Məsələn, D vitamininin metabolizmi digər vitamin və minerallarla qarşılıqlı əlaqədə baş verir. Bu səbəbdən əlavənin təyin olunması şəxsin sağlamlıq vəziyyəti və analiz nəticələri nəzərə alınmaqla həyata keçirilməlidir.

Qida əlavələrinin seçilməsi və istifadəsi həkim nəzarətində olmalı, onların keyfiyyətinə və satış mənbəyinə xüsusi diqqət yetirilməlidir. Xüsusilə mənşəyi bilinməyən və yoxlanılmamış məhsulların istifadəsindən çəkinmək vacibdir”.

Sevinc

0