Elxan Məmmədovun yarım milyardlıq zərbəsi

ÖLKƏ
15:57 / 09.06.2020
1803

Millinin ötənildən boş qalan baş məşqçi postu yenə əcnəbiyə tapşırılacaq. Böyük ehtimalla, Canni de Byaziyə - "ikinci növ İtaliya məhsulu”na…

Təbii, 2011-2017-ci illər aralığında Albaniya yığmasını çalışdıran və bu komandanı AÇ-2016-nın final mərhələsinə daşıyan mütəxəssisin bizim millini düşdüyü vəziyyətdən çıxaracağını söyləməyə əsas vermir. Hərçənd digər namizədlərdən daha münasib məbləğ qarşılığında Azərbaycanda işləməyə razılaşması əcnəbibaz futbol başbilənlərinin ürəyincədi. "Az məbləğ” ifadəsini yanlış anlamayın. Söhbət bütün hallarda, böyük paralardan gedir. Sadəcə neftin qiymətinin ucuzlaşdığı dönəmdə maliyyə məsələlərində diqqətli olmaq və "yuxarılar”a "baxın, xalqın sərvətini küləyə vermirik” mesajı göndərmək də olduqca önəmli məsələdi. Ən azı maskanın və maskalıların gündəm olduğu zaman dilimində ciddi qulaqburması almamaq üçün.
 

Əslində assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun 2 illik müqavilə ilə seçmənin "sükanı arxası”na gətirməyə çox yaxın olduğu de Byazi ilə əməkdaşlıq planı son anda alınmaya da bilər. AFFA-nın "sağı göstərib solla vurduğunu” az görməmişik. Elə italiyalı çalışdırıcı  da "yüzlük”dən kənarda qalan millinin baş məşqçisi olmağı özü üçün irəli atılmış addım saymır. Ağzı əmzikli uşaq da bilir ki, onu futbol müstəvisindəki mövqeyi ilə öyünməyə haqqı çatmayan ölkəmizə pul qazanmaq və səhərlər qara kürü yemək həvəsi gətirir.

Əminəm, növbəti əcnəbi Azərbaycan seçməsinə yeni nəsə verməyəcək. Gülüş obyektinə çevrilmiş "niyə də yox” şüarı fonunda, DÇ-2018-in seçmə mərhələsində qazanılan10 xallıq rekordu yeniləmək belə, müşkül məsələdi. Albaniyanı qitə birinciliyinin final mərhələsinə yüksəldən adamın bunu daha zəif komandanın "sərkərdə”si qismində də bacaracağına yalnız ən nikbin fanatlar inanar. Yuxarıda qeyd etdiyim kimi, söhbət yalnız daha real namizəddən – de Byazidən getmir. İnanın ki, bu dəfə də əvvəlkilərdən fərqli heç nə görməyəcəyik. Gələcək, ölkənin futbolçu potensialına bələd olana qədər azarkeşlərin əsəbiylə oynayacaq, yarıtmayacaq və pulunu alıb gedəcək… Futbolu bu vəziyyətə salanlar yerli mütəxəssisin ən ideal variant olduğunu anlayana qədər belə də davam edəcək.

"Şüşəli sarayın baş vəziri”nin hakimiyyəti dönəminə təsadüf edən son 13 ili götürsək, yarım milyarda yaxın vəsait havaya sovurub. Bu məbləği  rekord nəticəsi bir tsikldə 10 xal olan yığmanın qazandığı ümumi xalların sayına bölsək, tükürpədici mənzərə ilə qarşılaşarıq. Hər xalın neft ölkəsinə neçəyə başa gəldiyini təsəvvür edirsiz? Lap U-17, U-19, U-21 yığmalarını, lazımlı-lazımsız təlim-məşq toplanışlarını, digər xərcləri də nəzərə alsaq belə, bu rəzalətə ad tapmaq çətindi!

İndi başqalarına lazım olmadığına görə seçməmizdə işləməyə razılıq verən əcnəbilərə "yedirdilən” 100 milyonlardan səmərəli istifadə etməklə futbol təsərrüfatında hansı səviyyədə işlər görülməsinin mümkünlüyü özünüz düşünün. 

Sual yaranır: büdcə oğrusu olmadığına görə AFFA-da kök atdığı deyilən, qurumu öz adamlarının köməyi ilə şəxsi təsərrüfat sahəsi kimi idarə edən Məmmədov yaxşıdı, yoxsa hər il tutaq ki, 1-2 milyonun dalına keçib ciddi nəticələr qazanan hansısa Məmmədhəsən? Məncə, heç biri! Ancaq uğur naminə həmin 1-2 milyonun mənimsənilməsinə göz yummaq olar, futbolun dünənində adı olmayan "vəzir”in 100 milyonları bu şəkildə havaya sovurmasına isə əsla!

Fikrimə tutarqa kimi çox sadə bənzətmə də tapmışam. Bir var evdən 50 manat götürüb ikisini arxa cibinə qoyan, amma tapşırılandan da yaxşı bazarlıq edə bilən uşaq, bir də var həmin 50 manata bazarlıq əvəzinə zir-zibil alan təkəbbürlü və fərasətsiz tifil. İkisinin də atası mən olsam, birincini pis öyrənməməsi üçün ara-sıra mükafatlandıraram, ikincini isə heç vaxt bazara göndərmərəm.
 
Nihat Ağasoy
 

0
Fanat.Az