“Azərbaycanla Hindistan arasında qədim tarixi köklərə malik əlaqələr mövcuddur”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu münasibətlər qədim dövrlərə, eradan əvvəlki zamanlara və zərdüştlük dövrünə gedib çıxır:
“Bu gün də Hindistanda zərdüştlər özlərinə məxsus adət-ənənələrini qoruyub saxlayır və vaxtaşırı Azərbaycana – Bakı yaxınlığındakı Atəşgah məbədinə ziyarətə gəlirlər. Hindistanın xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində də məhz Atəşgah məbədi də ziyarət olunub. Həmçinin hər iki ölkə arasında turizm sahəsində də geniş əlaqələr mövcuddur və Hindistandan gələn turistlər mütəmadi olaraq Atəşgahı ziyarət edirlər.
Sovet işğalı dövründə də Azərbaycanla Hindistan arasında mədəni əlaqələr yüksək səviyyədə olub. Hind mədəniyyətinə və kinematoqrafiyasına ölkəmizdə böyük maraq göstərilib. Hindistanın tanınmış sənətçisi Rac Kapurla Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudov arasındakı xüsusi dostluq münasibətləri buna əyani sübutdur. Bütün bunlar xalqlarımız arasındakı mənəvi yaxınlığın və mədəni bağlılığın göstəricisi idi”.
Lakin siyasətçi qeyd edib ki, müəyyən dövrlərdə kənar qüvvələr, xüsusilə də ermənilər bu münasibətlərə xələl gətirməyə çalışıblar:
“Ermənilərin Hindistanla əlaqələri hələ XV-XVI əsrlərdən başlayır. Həmin dövrdə ermənilər Hindistanın müəyyən bölgələrində məskunlaşıb və Mədrəs şəhərində öz icmalarını formalaşdırıblar. Müasir dövrdə isə bir sıra məsələlərə görə ikitərəfli münasibətlərdə müəyyən soyuqluq yaşanırdı. Lakin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri və ölkə rəhbərliyi tərəfindən qəbul olunması bu münasibətlərdə yeni mərhələnin başlanğıcından xəbər verir.
Görüşlər zamanı təhsil, iqtisadiyyatın müxtəlif sahələri və hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunmuş, yeni sənədlərin imzalanması gözlənilir. 2008-ci ildə BMT-nin Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə qəbul edilərkən Hindistan həmin sənədin leyhinə səs vermişdi.
O dövrdə Azərbaycan nümayəndələri həmin mövqeyə etiraz edərək səbəbləri soruşmuşdular. Hindistan tərəfi açıq şəkildə bildirmişdi ki, Azərbaycanın Pakistanla və Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə etməsi səbəbindən onlar Ermənistanı dəstəkləyirlər. Lakin Hindistan sonrakı dövrlərdə Ermənistana hərbi dəstək verməsinə baxmayaraq, mövcud reallıqları nəzərə almağa başlayıb”.
Partiya sədri vurğulayıb ki, Azərbaycan bölgənin lider dövləti olaraq hər zaman müstəqil xarici siyasət yürüdür:
“Hazırda torpaqlarını işğaldan azad etmiş Azərbaycan heç bir ölkə ilə konfrontasiyada olmaq istəmir. Hindistan da başa düşür ki, Ermənistanla əməkdaşlıq ona gözlənilən dividentləri qazandırmır. Bununla belə, Hindistan qlobal miqyasda iqtisadi və siyasi çəkisi olan ölkələrdəndir. Çinlə və digər beynəlxalq təşkilatlarla münasibətlərdə müəyyən fikir ayrılıqları olsa da, dövlətlər iqtisadi maraqlar çərçivəsində əməkdaşlığı davam etdirirlər.
Nəticə etibarilə, Azərbaycanın Pakistanla dostluq əlaqələri dəyişməz olaraq qalır və bu, digər dövlətlərlə əməkdaşlığa maneə törətmir. Qarşılıqlı maraqların üst-üstə düşdüyü sahələrdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin inkişaf etdirilməsi müsbət tendensiya hesab olunur. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət edəcək və gələcəkdə ikitərəfli əlaqələrin daha da güclənməsinə şərait yaradacaq”.
Elmir Mustafa



