Zeytun orqanizmə necə təsir edir? - Həkimlər 3 əsas üstünlüyü açıqladı

SAĞLAMLIQ
11:58 / 28.04.2026
50

Zeytun yağı qida dəyəri ilə yaxşı tanınır. Bəs onun hazırlandığı məhsul olan zeytunların özü necə? Təbii halda zeytunlar yalnız xüsusi emaldan – qurudulma və ya marinadlaşdırmadan sonra yeyilə bilir. Bununla belə, onların tərkibi duz baxımından zəngindir.

HİT.az xəbər verir ki, zeytunların sağlamlığa faydası barədə “Martha Stewart” nəşri qidalanma mütəxəssisləri və kardioloqlarla birlikdə araşdırma aparıb.

Kardioloq, tibb elmləri doktoru Brett Silavın sözlərinə görə, zeytunların yağ tərkibinin təxminən 75%-ni olein turşusu təşkil edir. Bu maddə Aralıq dənizi pəhrizinin əsas komponentlərindən sayılan zeytun yağının da əsasını təşkil edir. Qalan yağlar isə çoxlu doymamış və az miqdarda doymuş yağlardan ibarətdir.

Məlumat üçün qeyd olunur ki, mono və çox doymamış yağlar faydalı hesab edilir. Məhz bu yağlar və digər qida maddələri zeytunların sağlamlığa müsbət təsirini təmin edir.

1. İltihabla mübarizəyə kömək edir

Əgər rasionunuza daha çox iltihab əleyhinə qida əlavə etmək istəyirsinizsə, zeytunlar yaxşı seçim ola bilər. Diyetoloq Vanessa Kinqin sözlərinə görə, olein turşusu immun sistemi və yağ toxumasında iltihabi proseslərin aktivləşməsinin qarşısını ala bilər: “Bu vacibdir, çünki xroniki iltihab insult və ürək-damar xəstəlikləri riskini artırır”.

Qeyd olunur ki, iltihab həmçinin diabet və artrit kimi xroniki xəstəliklərlə də əlaqələndirilir.

2.Antioksidant səviyyəsini artırır

Zeytunlar rasiona əlavə edildikdə orqanizmə polifenollar adlı antioksidantların qəbulu artır.

“Polifenollar bitkilərdə olan güclü antioksidant birləşmələrdir və ürək, beyin və görmə üçün faydalıdır”, deyə Kinq qeyd edib.

Ohayo Dövlət Universitetinin tibb mərkəzindən dietoloq Steysi Klivlendin sözlərinə görə, zeytunlar E vitamini ilə də zəngindir. Araşdırmalar göstərir ki, bu maddələr oksidativ stresslə mübarizə aparır, hüceyrələri zədələnmədən qoruyur və iltihabı azaldır.

3. Ürək sağlamlığını dəstəkləyir

Mütəxəssislər bildirirlər ki, zeytunlardakı faydalı yağlar, xüsusilə olein turşusu, xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir. Bu maddə “pis” xolesterini (LDL) azaldır, “yaxşı” xolesterini (HDL) isə artıra bilər.

Bundan əlavə, zeytunlar liflə də zəngindir. Lif bağırsaqlarda öd turşularını bağlayaraq onların orqanizmdən çıxarılmasına kömək edir və bu yolla xolesterinin nəzarətdə saxlanmasına təsir göstərir.

Antioksidantlar ürəyi oksidativ stresdən qoruyur, dəmir isə qırmızı qan hüceyrələrinin normal fəaliyyəti üçün vacibdir. Mis isə ürək və immun sistemi dəstəkləyir.

Gündə nə qədər zeytun yemək olar?

Mütəxəssislərin fikrincə, gündəlik porsiya 5–6 zeytun təşkil etməlidir. Bu miqdar natrium və kalori qəbulunu nəzarətdə saxlamağa kömək edir.

Emal prosesi faydaya təsir edirmi?

Çiy zeytunlar acı dadına görə demək olar ki, yeyilmir və emaldan keçir. Bu proses zamanı acılığa səbəb olan oleuropein maddəsi azalır, lakin faydalı yağlar qorunub saxlanılır.

Bir porsiyada (5–6 zeytun) 150–700 mq natrium ola bilər. Amerika Ürək Assosiasiyası gündə maksimum 2300 mq natrium qəbulunu tövsiyə edir (hipertoniyası olanlar üçün isə 1500 mq).

Həddindən artıq duz qəbulu təzyiqi yüksəldə bilər. Buna görə də kardioloqlar zeytunu tamamilə məhdudiyyətsiz yeməməyi məsləhət görürlər.

Duzun azaldılması yolları

Zeytunları yeməzdən əvvəl soyuq suda yumaq natrium miqdarını 20–30% azalda bilər. Həmçinin duzlu məhlulda deyil, suda saxlanılan zeytunlara üstünlük vermək tövsiyə olunur.

Rəngin fərqi varmı?

Mütəxəssislər bildirirlər ki, zeytunların rəngi onların yığım vaxtındakı yetişmə dərəcəsindən asılıdır. Lakin qida dəyəri baxımından rəng fərqi əhəmiyyətli deyil.

“Zeytunlar faydalıdır və onların rəngi əhəmiyyət daşımır”, deyə Klivlend qeyd edib.

Samir
 

0