Dərmanların qiymətləri hər zaman müzakirələrə səbəb olur.
Son günlərdə isə eyni dərmanın fərqli qiymətə satılması gündəmdədir. Tərkibi, adı və istehsalçısı eyni olan bir dərmanın bir aptekdə daha ucuz, digərində isə daha baha olması alıcını düşündürür. Eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətə təklif olunması istehlakçıları narazı salır.
Maraqlıdır, eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətə satılmasına səbəb nədir?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, eyni tərkibli dərmanların bazarda müxtəlif məbləğlərə təklif edilməsi adi hal kimi qarşıya çıxa bilər:

“Müxtəlif ölkələrdə eyni aktiv maddələr əsasında hazırlanan preparatların qiymətlərinin üst-üstə düşməməsinin bir sıra səbəbləri var. Dərmanın istehsal olunduğu ölkədəki maya və satış qiyməti ilə yanaşı, onun Azərbaycana çatdırılması zamanı yaranan nəqliyyat xərcləri də son qiymətə təsir göstərir”.
Ekspert qeyd edib ki, dərmanların qiymətinə müdaxilə məsələsinə ehtiyatla yanaşmaq lazımdır:
“Zərurət yarandığı halda qiymət müəyyənləşdirilərkən preparatın maya dəyəri ilə yanaşı, əlavə dəyər vergisi, sahibkarın xərcləri və əldə etdiyi gəlir də ayrıca hesablanmalıdır. Bu cür mexanizmin tətbiqi dərmanların əsassız şəkildə bahalaşdırılması riskini də aşağı sala bilər. Ölkənin dərman təminatında yerli istehsalın payının artırılmasını da vacib məsələlərdən biridir. Xaricdən gətirilən dərmanların həcmi bazarın real tələbatı ilə uyğunlaşdırılmalıdır”.
Günel Cəlilova


