ABŞ-ın Texas ştatının Ostin şəhərində antikvar Con Tolen əvvəllər itkin hesab edilən, 1609-cu ildə nəşr olunmuş nadir kitab aşkarlayıb. Nəşr niderlandlı filosof, pedaqoq və ilahiyyatçı Rotterdamlı Erazma məxsusdur.
HİT.az xəbər verir ki, bu barədə “Rijnmond” telekanalı məlumat yayıb.
Söhbət “La civilité puerile” (“Uşaqlar üçün nəzakət qaydaları”) adlı kitabdan gedir. Əsər Erazmın uşaqlara yaxşı davranış qaydalarını öyrətmək üçün hazırladığı vəsaitin fransız dilində işlənmiş variantıdır. Kitabda yeməkdən əvvəl əlləri yumaq, asqıran insana sağlamlıq arzulamaq və dırnaqları kəsmək kimi gündəlik davranış qaydaları yer alır.
Tolen bildirib ki, tapılan nüsxə Erazmın ideyalarının tarixi və təsiri barədə indiyədək məlum olmayan məlumatları üzə çıxara bilər. Onun ehtimalına görə, kitabın tirajı min nüsxəyə yaxın olub və hazırda həmin tirajdan dünyada yalnız bu nüsxə qalıb.
Antikvar hesab edir ki, bu cür kitablar gündəlik istifadə üçün nəzərdə tutulduğundan zamanla köhnəlib və kitabxana kolleksiyalarında qorunub saxlanmayıb.
Qeyd edək ki, Erazmın əsərləri Avropa intellektual tarixində mühüm yer tutur. Bu tapıntı isə XVII əsrin əvvəllərində uşaqların tərbiyəsi və davranış qaydalarına dair təsəvvürləri öyrənmək baxımından əhəmiyyətli hesab olunur.
Samir


