\"Bu, həqiqətən mühüm xəbərdir\" - Tarixi \"Dostluq\" anlaşması Qərbdə belə qarşılandı

12:36 / 23.01.2021
2017

Xəbər verildiyi kimi yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzərdə indiyədək mübahisəli hesab edilən “Kəpəz” (“Sərdar”) neft-qaz yatağı üzrə tarixi anlaşma əldə edilib. İki ölkə xarici işlər nazirləri simvolik olaraq “Dostluq” adı verilən bu yatağın birgə işlənməsinə dair  Aşqabadda memorandum imzalayıblar. İmzalanma mərasimi zamanı Azərbaycan və Türkmənistan prezidentlərinin videokonfrans formatında görüşü də olub.

Bu anlaşma Qərb ekspertləri tərəfindən regionun energetika xəritəsini dəyişdirən və Türkmənistan qazının Xəzərdən keçməklə Azərbaycan üzərindən Avropaya nəqlinin yolunu açan çox mühüm tarixi hadisə kimi qiymətləndirilir.

“Azərbaycan və Türkmənistan Xəzərdə çoxdandır mübahisəli olan karbohidrogen yatağının birgə işlənməsinə dair tarixi razılaşma imzalayıblar, bu, Türkmənistanın nəhəng qaz ehtiyatlarının Avropaya tranzitinin yolunu aça biləcək addımdır”,-“Eurasianet.org” saytında dərc edilmiş (müəllif: David O'Byrne ) məqalədə deyilir.

Müəllif xatırladır ki, indi “Dostluq” adlandırılan bu yataq Azərbaycanın və Türkmənistanın müstəqillik əldə etməsindən etibarən iki ölkə arasında mübahisə predmeti idi. Lakin yanvarın 21-də imzalanmış memorandumla həmin mübahisə keçmişdə qalır.

Məqalədə deyilir ki, “Dostluq” yatağı öz ehtiyatlarının həcminə görə SOCAR-ın artıq işlətməyə başladığı “Qarabağ” yatağı ilə müqayisə oluna bilər. Bu yataqdan 21 milyon ton xam neftin və 13 milyard kubmetr təbii qazın hasil edilməsi gözlənilir. Beləliklə də “Dostluq” yatağı iki ölkə üçün yeni gəlir mənbəyi olacaq.

“Razılaşmanın siyasi tərəfi isə daha böyük əhəmiyyət kəsb edir, hansı ki, regionun energetika xəritəsini dəyişdirən sonrakı razılaşmalar üçün ilk mühüm addım ola bilər və Türkmənistan qazının nəhayət Avropaya nəqlinə yol aça bilər”,-məqalədə deyilir.

““Dostluq” yatağının birgə işlənməsinə dair razılaşma xəbəri bunu göstərir ki, Türkmənistan-Azərbaycan neft layihələri üçün bir növ Transxəzər dialoqunun qurulması niyyəti var”,-Glazgo Universitetinin Mərkəzi Asiya araşdırmaları üzrə müəllimi Luka Ançeski sayta açıqlamasında deyib.

Belə ki, “Dostluq” yatağının birgə işlənməsi iki ölkənin neft infrastrukturunun inkişafı, yataqdan hasil olunan neftin və qazın ixrac bazarlarına yönəldilməsi üçün kəmərlərin qurulması üçün sıx əməkdaşlığı zəruri edir. Bu kəmərlər isə sonradan Türkmənistanın digər yataqlarından hasil olunan neftin və qazın da ixracı üçün istifadə edilə bilər.

“Yatağın işlənməsi Türkmənistana o qədər də böyük olmayan gəlir axını təmin edəcək, lakin daha da mühüm olanı budur ki, razılaşma iki ölkə arasında birbaşa qaz nəqli perspektivlərini açır. Bu da hər iki ölkə üçün daha böyük gəlirlər deməkdir və uzağa gedən əhəmiyyətə malik olacaq”,-Vaşinqtondakı Atlantik Şurasının regional energetika analitiki Con Roberts bildirir.

 Məqalədə xatırladılır ki, Türkmənistan dünyada ən iri təbii qaz ehtiyatlarına malik dördüncü ölkədir. Ölkənin 19.5 trilyon kubmetr qaz ehtiyatları dünya qaz ehtiyatlarının 10 faizini təşkil edir. Türkmənistanın qaz yataqlarına hasil oluna biləcək ehtiyatlarının həcmi 2.8 trilyon kubmetr olan və dünyada ikinci ən iri qaz yatağı olan “Kalkanış” yatağı da daxildir. Ona görə də bu cür iri ehtiyatlara malik olan Türkmənistan dünya bazarında Rusiya, Qətər və Norveç kimi iri qaz ixracatçıları ilə rəqabətə girə bilər. Bununla belə Türkmənistanın ixrac üçün imkanları məhdud idi və ölkə gəlirli Avropa bazarlarına qaz nəql edə bilmirdi.

Məqalədə vurğulanır ki, Türkmənistan qazının Xəzərdən keçməklə Azərbaycana, daha sonra Türkiyəyə və Avropaya nəqli üçün boru kəmərinin çəkilməsi layihəsi hələ 1990-cu illərin sonlarında Qərb şirkətləri tərəfindən irəli sürülüb. Sonradan bu layihə gündəmdən çıxıb. İndi isə Bakı və Aşqabad arasında əldə edilən anlaşma ilə hər şey dəyişə bilər.

“Razılaşma-bu doğrudan da çox mühüm xəbərdir. Sahildən sahilə tamhəcmli Transxəzər qaz kəmərinin çəkilməsinin yolundakı sonuncu maneə də aradan qalxır”,- Kanadadakı NATO Assosiasiyasının energetika təhlükəsizliyi proqramının baş elmi əməkdaşı Robert Katler Twitter-də belə yazıb.

“Eurasianet” qeyd edir ki, Transxəzər kəməri çəkilsə Avropaya artıq hazır vəziyyətdə olan “Cənub Qaz Dəhlizi”inə birləşəcək. Bu dəhlizlə Azərbaycan qazı ötən il dekabrın 31-də ilk dəfə Avropa bazarlarına çatıb, Yunanıstan, Bolqarıstan və İtaliyaya nəql olunmağa başlayıb. Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP kəmərləri hazırda öz gücünün yarısı həcmində işləyir. Bu marşrutu Azərbaycanın yeni qaz yataqlarının istismara verilməsinə qədər Türkmənistan qazının nəqli üçün asanlıqla genişləndirmək olar.

“Lakin türkmən qazının ixracı ilə bağlı planlar işin yarısıdır, geriyə Avropada bu qaza nə dərəcədə tələbat olacağını araşdırmaq qalır. TANAP-ın icraçı direktoru Saltuk Düzyol yanvarın 14-də bildirib ki, boru kəmərinin ixrac imkanlarının genişləndirilməsi kəmərin bir ucunda yetərli qədər qazın olması, digər ucunda isə bazarın tapılması halında baş verə bilər. Hazırda Avropa ona lazım olandan çox qaz almaq imkanına malikdir, ora qazın çox hissəsi Rusiyadan təchiz edilir. Rusiya özü də Avropaya yeni qaz kəmərləri çəkməyə, potensial rəqiblərini bazardan vurub çıxarmağa və öz mövqelərini möhkəmləndirməyə çalışır”,-məqalədə bildirilir.

Sayt qeyd edir ki, belə rəqabətin hökm sürdüyü şəraitdə türkmən qazının Avropaya gələcək ixracı əsasən Brüsseldən, Avropa İttifaqının Transxəzər qaz kəmərini nə dərəcədə dəstəkləməsindən asılı olacaq.

0
Virtualaz.org