Təkadamlıq partiyalar narahatlıq içində... - Yeni qaydalar buna imkan verməyəcək

12:12 / 02.03.2021
1396

“Siyasi partiyalar haqqında” Qanuna təklif edilən əlavə və dəyişikliklərə görə, partiyaların qeydiyyatı üçün üçün üzvlərin sayı 3 min nəfər olmalıdır. 

HİT.Az xəbər verir ki, mövcud qanunvericlikdə bu say min nəfərdir.

Əlavə dəyişikliklərdə o da nəzərdə tutulur ki, qeydiyyat üçün nəzərdə tutulan üzvlərin sayı rayonların 50 faizini əhatə etməlidir. 

“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər ötən ilin dekabrında Milli Məclisin İctimai  birliklər və dini qurumlar, Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitələrinin onlayn formatda birgə iclasında müzakirə olunub. Həmin iclasda Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin sədri  Əli Hüseynli sənədə təklif  edilən  dəyişikliklərin mahiyyəti  barədə danışıb.

Bildirib ki, təklif olunan  dəyişikliklərdə qanunun tətbiqi  zamanı yarana  biləcək  vəsait  çatışmazlığının aradan  qaldırılması mexanizmləri, siyasi  partiyaları  təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə  yeni  siyasi partiyaların təmsil olunması hallarında  vəsaitin  hesablanma tarixi əksini tapıb. Həmçinin qeyd edib ki, dəyişikliklərdə  siyasi  partiyaların  dövlət  büdcəsindən  ayrılan vəsaitdən imtina  etdiyi  zaman  həmin vəsaitin  dövlət  büdcəsinə  qaytarılması  yox,  Milli Məclisdə  təmsil  olunan  partiyalar  arasında  dördüncü  rübün  sonunda  bərabər  olaraq  bölünməsi  nəzərdə  tutulub.

Amma partiyaların qeydiyyata alınması üçün üzvlərinin sayının artırılması məsələsinə toxunulmayıb. Hər halda, bu barədə heç bir rəsmi məlumata rast gəlinmir. Ehtimal olunur ki, üzvlərin sayının artırılması sonradan əlavə edilib.

Bildirilir ki, artıq təkadamlıq partiyalar narahatlıq içindədirlər. Lakin parlamentdə təmsil olunan bəzi partiyalar bu təklifə isti yanaşmırlar.

VÜQAR

0