Paşinyanın sülh oyunu: Məqsəd nədir?

SİYASƏT
11:26 / 13.02.2024
902

Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 

Onun sözlərinə görə, keçən ilin sonu sülh müqaviləsi imzalana bilərdi:

"Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq. Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var".

Paşinyan bu tip açıqlamalarla nəyə nail olmağa çalışır? Rəsmi İrəvan həqiqətən sülh müqaviləsinə imza atmağa hazırdır? 

Politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olduğu ilə bağlı vaxtaşırı verdiyi bəyanatlar Ermənistanın "sülhsevər" obrazını yaratmağına hesablanıb:

"Bu açıqlamalar beynəlxalq ictimai rəyə ünvanlanır. Paşinyan sülh müqaviləsinin imzalanmasının gecikdirilməsinin Ermənistana deyil, Azərbaycana görə olduğunu iddia etməyə çalışır. Əslində isə vəziyyət tam əksinədir. Rəsmi İrəvan Bakının davamlı sülh təkliflərinə konkret cavab vermir. Elə bunun özü Ermənistanın sülhə hazır olmadığını göstərir".

343672

Ekspert qeyd edib ki, sülh sazişi imzalamaq Ermənistanın öz əlində deyil:

"Regionda maraqlı olan müxtəlif dövlətlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmamasını fürsət olaraq görürlər. Onlar düşünürlər ki, istənilən vaxt bu münasibətləri yenidən kəskin fazaya keçirərək "Ermənistanın təhlükəsizliyi" adı ilə regiona öz qüvvələrini yerləşdirə bilərlər. 

Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi, onun sayının artırılması, eləcə də həmin qrupun tərkibində kəşfiyyatçıların və keçmiş jandarmanın olması bunun başlanğıcı idi. Onlar faktiki olaraq, Ermənistanda möhkəmlənməyə cəhd edirlər. Ona görə də mütəmadi olaraq Nikol Paşinyana təzyiq edirlər". 

Politoloq vurğulayıb ki, Paşinyan bu cür bəyanatları ilə sadəcə beynəlxalq ictimai rəy formalaşdırmağa və onları Ermənistanın "sülh" obrazı ilə çaşdırmağa yönəlib:

"O həm də belə bəyanatlarla vaxt qazanmağa çalışır. Əgər Ermənistan həqiqətən sülh müqaviləsinini imzalamaq istəyirsə dərhal referendum edərək Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxarar. 

Bundan başqa, İrəvan hakimiyyəti sülh istəyirsə, hələ də işğal altında saxladıqları 8 kəndi Azərbaycana qaytarmalıdır. Amma bunlar olmursa deməli, Paşinyanın bəyanatları siyasi manipulyasiyadan başqa bir şey deyil".

Rəşad Bayramov Ermənistanın silahlanmasına da toxunub:

"Sülh müqaviləsi imzalamaq istəyən ölkə öz büdcəsinin çox böyük bir hissəsini silahlanma və hərbi sənaye komplekslərinin inkişaf etdirilməsi üçün ayırmaz. Ermənistan faktiki olaraq silahlanmaqla məşğuldur. Üstəlik, hakimiyyət nümayəndələri də bunu etiraf edirlər. Bu da birbaşa beynəlxalq ictimai rəyə yönəlmiş addımdır". 

Pərviz

0