Avropa ölkələrinin Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparmasına səbəb nədir? - RƏY

SİYASƏT
10:54 / 05.03.2024
343

"Avropanın bir neçə ölkəsi açıq və ya gizli formada anti-Azərbaycan siyasəti aparır".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O təəssüflə bildirib ki, həmin siyasət bu gün də davam edir:

"Bunlar əsasən Fransa, Almaniya, Belçika, Niderland kimi Avropanın iqtisadi cəhətdən aparıcı ölkələrdir. Onların Azərbaycana olan düşmən və qərəzli siyasətin kökündə bir sıra səbəblər dayanır. Əsas səbəb Azərbaycanın müstəqil siyasət aparmasıdır. Aydın məsələdir ki, sözügedən ölkələrin Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı konkret təmannaları var. 

Onlar istəyirlər ki, ölkəmiz daxili siyasətini Avropanın strukturlarına, xarici siyasətini isə Avropanın təhlükəsizlik və genişlənmə strategiyasına uyğun qursun".

345119

Ekspert diqqətə çatdırıb ki, xüsusilə də Azərbaycanın Rusiya ilə balanslı və qarşılıqlı anlaşma siyasəti Qərbin ürəyincə deyil:

"Onlar zamanında Azərbaycanın Gürcüstanın, Ukraynanın, bu gün də Ermənistanın etdiyi kimi Rusiyanın əleyhinə Avropa dövlətlərinin xeyrinə seçim etməsini arzulayırlar.

Adıçəkilən ölkələr Ukraynaya, Gürcüstana, Ermənistana deyil, Azərbaycana düşmən kimi yanaşırlar. Bunun kökündə dayanan ən böyük səbəb Azərbaycanın onların təhlükəsizlik və genişlənmə strategiyalarına uymamasıdır". 

Politoloq qeyd edib ki, Fransa, Almaniya, Belçika, Niderland kimi dövlətlər Avropanın bir çox ölkələrini də təsir altında saxlayırlar:

"Həmin təsir altındakı ölkələr də Azərbaycana qarşı aparılan düşmənçilik siyasətinə açıq şəkildə etiraz edə bilmirlər. Beləliklə, Fransa, Almaniya, Belçika, Niderland Azərbaycana qarşı qərəzli siyasət aparkən Avropanın öz içində buna etiraz edilmədiyinə görə bir az da fəallaşırlar. 

Nə qədər ki, Avropanın iqtisadi, siyasi və təhlükəsizlik sxemləri üzərində bir neçə dövlətin hegemonluğuna, habelə Fransa, Almaniya, Belçika, Niderlandın özlərini Avropada "ağa" kimi aparmasına son qoyulmayıb, onların Azərbaycana qarşı siyasətində dəyişiklik baş vermə ehtimalı çox zəifdir. Azərbaycanı müstəqil iradəli siyasəti davam etdiyi üçün onların ölkəmizə qarşı siyasətinin tezliklə dəyişilməsi də gözlənilmir". 

Pərviz

0