Fransa nə üçün Ermənistanı silahlandırır? - "Parisin əsl məqsədi..."

SİYASƏT
10:54 / 21.06.2024
479

"Fransanın Ermənistana silah satması ilk dəfə baş vermir. Böyük ehtimalla, son da olmayacaq".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda Fransa-Azərbaycan münasibətləri gərgin olaraq qalmağa davam edir:

"Çünki rəsmi Paris Cənubi Qafqazda təsir dairəsini artırmağa çalışır. Ona görə də Fransa hər zaman Ermənistanı silahlandırma yolunu tutur. Ümumiyyətlə, regionda sülh prosesinin davam etdiyi bir zamanda Paris hakimiyyətinin belə həmlələr etməsi birmənalı deyil. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin getməsi Fransa kimi ölkələrin Cənubi Qafqaza girməsinin qarşısını alır".

Ekspertin sözlərinə görə, Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniya və Fransanın digər müstəmləkələrinin etiraz səslərinə dəstək verməsi də rəsmi Parisi ciddi şəkildə narahat edir:

"Xüsusilə də Azərbaycanın Cənubi Qafqazda Fransanın agentura şəbəkəsini çökdürməsinə vurğulamaq lazımdır. Üstəlik, bu da MDB ölkələrində də "domino effekti" yaradır. Buna görə də Fransa Ermənistanı yenidən silahlandırmağa başlayıb. Əslində, rəsmi Paris belə addımlarla İrəvanın havadarı olduğunu bəyan edir və regionda gərginlik yaratmağa çalışır".

Turan Rzayev qeyd edib ki, Fransanın bu addımları Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaşanmasına hesablanıb:

"Fransa özü heç nə edə bilmədiyi üçün Ermənistan üzərindən gərginlik yaratmaq məqsədi güdür. Amma düşünürəm ki, Azərbaycan Fransaya qarşı yeni xəbərdarlıq edə bilər. İndiyə kimi rəsmi Parisə bir çox effektiv cavab verilib, yenə də bənzər addımların atılması mümkündür". 

Pərviz

0