Qazaxıstanın vasitəçiliyi ilə sülh müqaviləsi imzalana bilər? - RƏY

SİYASƏT
10:17 / 12.09.2024
348

"Qazaxıstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifi etməsi kifayət qədər cəlbedici mesajdır".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Astananın bu təklifini dəyərləndirmək olar:

"Nəzərə almaq lazımdır ki, son zamanlarda Azərbaycan ilə Qazaxıstan arasında kifayət qədər yaxınlaşma var. Bu baxımdan, Astananın təklifində Bakı üçün heç bir sıxıntı yoxdur. Amma Ermənistanın bu təklifi qəbul edəcəyi sual altındadır".

357917

Ekspert qeyd edib ki, Ermənistan təklifi qəbul edərsə, Qazaxıstan tərəflər arasında vasitəçilik edə bilər:

"Amma bu prosesin yekunda sülh müqaviləsinin imzalanacağını güman etmirəm. Bundan başqa, rəsmi İrəvanın Astananın təklifindən imtina etməsi də mümkündür. Həm Ermənistan, həm də Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsalar da, Vətən müharibəsindən sonra tərəflər arasındakı münasibətlər soyudu. Çünki müharibə dövründə Ermənistan KTMT-dən yardım istəyəndə bu təklif haqlı olaraq başda Qazaxıstan olmaqla, bütün üzvlər tərəfindən rədd edildi".

Politoloq hesab edir ki, Nikol Paşinyan Qazaxıstandan gələn bu təklifin arxasında Rusiyanın dayandığını düşünür:

"Bu gün bütün dünyada olduğu kimi Qafqazda da Rusiya və ABŞ arasında "soyuq müharibə" yaşanır. Qarabağ məsələsinin həllində də Rusiya, ABŞ və bəzi Qərb dövlətləri vasitəçilik etməyə cəhd edirlər. Hər bir ölkə nəticəyə özü üzərindən nail olunmasını istəyir. 

Məncə, Ermənistan tərəfi Qazaxıstandan gələn vasitəçilik təklifinin Rusiyanın təlimatı ilə gəldiyini düşünə bilər. Paşinyan indiki məqamda, Qazaxıstanda Azərbaycanla sülh müqaviləsi imzalamaq istəməyəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanın Baş naziri müstəqil qərarlar vermir. O, Qərbin təlimatı əsasında addımlar atır. Ona görə də hər iki dövlət Qazaxıstanın vasitəçiliyi ilə görüşsə belə müsbət nəticə olacağını düşünmürəm".

Pərviz

0