Azərbaycan COP və WUF prosesləri arasında sinerji yaratmağa nail oldu - Ceyhun Bayramov

SİYASƏT
13:41 / 19.05.2026
45

Bu gün şəhərlər artıq sadəcə insanların yaşadığı və işlədiyi məkanlar deyil. Onlar diplomatiya, infrastruktur, texnologiya, iqlim fəaliyyəti və regional əməkdaşlıq üçün strateji platformalara çevrilib.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazir vurğulayıb ki, dayanıqlı inkişafın gələcəyi böyük ölçüdə şəhərləri yalnız fiziki deyil, həm də iqtisadi, rəqəmsal, institusional və sosial baxımdan nə qədər uğurla birləşdirə biləcəyimizdən asılı olacaq:

“Təxminən iki il əvvəl COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan urbanizasiya və şəhərləri qlobal iqlim gündəliyinin mərkəzinə yerləşdirdi. Biz anlayırdıq ki, şəhərlər qlobal emissiyaların əhəmiyyətli hissəsinə səbəb olmaqla yanaşı, eyni zamanda innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin əsas mənbəyidir.

Bu təşəbbüslər vasitəsilə Azərbaycan həmçinin COP və WUF prosesləri arasında sinerji yaratmağa nail oldu və şəhərlərin çoxtərəfli müzakirələrin mərkəzində daha möhkəm yer tutmasına töhfə verdi”.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

0