Mayın 25-də Prezident Administrasiyasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilib.
Hit.az xəbər verir ki, görüş Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə baş tutub.
Vətəndaş Həmrəyliyi Partiyasının Mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə partiya sədrinin müavini, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.
Müzakirələr zamanı ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi, siyasi partiyaların bu prosesdəki rolu, sağlam siyasi münasibətlərin formalaşdırılması, milli maraqların qorunması naminə əməkdaşlığın gücləndirilməsi kimi məsələlər geniş şəkildə nəzərdən keçirilib. Eyni zamanda, milli həmrəyliyin möhkəmləndirilməsi, demokratik ənənələrin inkişafı və ölkə həqiqətlərinin beynəlxalq müstəvidə təbliğində ziyalıların rolunun önəmi vurğulanıb.
Sabir Rüstəmxanlı çıxışı zamanı ölkə rəhbərliyi tərəfindən siyasi partiyaların fəaliyyətinə göstərilən diqqətin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, yaradılmış siyasi mühit cəmiyyətin müxtəlif potensiallarının səfərbər olunmasına ciddi töhfə verir. Partiya sədri gənclərin ictimai-siyasi proseslərə daha fəal şəkildə cəlb edilməsinin vacibliyini də diqqətə çatdırıb.
VHP sədri rəhbərlik etdiyi partiyanın həyata keçirdiyi layihələrdə dövlət dəstəyini hər zaman hiss etdiyini bildirib və buna görə ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib. Görüşdə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra yaranan milli birliyin qorunub saxlanılmasında siyasi partiyaların üzərinə düşən məsuliyyət də xüsusi qeyd olunub.
Sabir Rüstəmxanlı həmçinin Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsini yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, bu addım ölkədə mədəniyyətə, ədəbiyyata və incəsənətə verilən diqqətin bariz nümunəsidir. Görüşün sonunda Prezident Administrasiyasının rəsmisi Vətəndaş Həmrəyliyi Partiyasına milli maraqların qorunması istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.


