ABŞ Dövlət katibi Marko Rubio bu gün Ermənistana səfər edəcək.
O, səfər zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək, sonra isə mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər. Rubionun səfəri zamanı TRIPP layihəsinin (Zəngəzur dəhlizi) də müzakirə olunacağı gözlənilir.
Maraqlıdır, bu səfərdən sonra TRIPP layihəsi üzrə çalışmalar başlaya bilərmi?
Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a şərhində bildirib ki, ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana planlaşdırılan səfəri regionda gedən mürəkkəb geosiyasi proseslər fonunda diqqətlə izlənilən hadisələrdən biridir:

“Xüsusilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı, nəqliyyat-kommunikasiya layihələrinin yenidən gündəmə gəldiyi və böyük güclərin bölgəyə marağının artdığı bir dövrdə bu səfər sıradan diplomatik təmas kimi qiymətləndirilə bilməz”.
Ekspert qeyd edib ki, Vaşinqton son illər Ermənistanla münasibətləri daha intensiv mərhələyə keçirməyə çalışır:
“Bunun əsas səbəblərindən biri Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsi fonunda ABŞ-nin Cənubi Qafqazda daha fəal rol almaq niyyətidir: "Bu baxımdan, Ararat Mirzoyan ilə keçiriləcək görüşdə təhlükəsizlik məsələləri, regional kommunikasiyalar, Ermənistan-Azərbaycan normallaşma prosesi, iqtisadi əməkdaşlıq və Qərb platformaları çərçivəsində inteqrasiya mövzularının əsas müzakirə predmetlərindən olacağı gözlənilir”.
Həmsöhbətimiz hesab edir ki, son dövrlər müzakirə olunan TRIPP layihəsinin də gündəmdə yer alacağı istisna edilmir:
“Bu layihə regionda tranzit, logistika və enerji-kommunikasiya xətlərinin yeni formatda inkişafını nəzərdə tutursa, ABŞ-nin burada maraqlı tərəf kimi çıxış etməsi tamamilə mümkündür. Vaşinqton anlayır ki, Cənubi Qafqaz gələcək illərdə Avropa ilə Asiya arasında strateji bağlantı məkanlarından birinə çevrilə bilər. Yəni Ermənistanın müəyyən layihələrə inteqrasiyası Qərbin bölgədə təsir imkanlarını genişləndirmək məqsədi də daşıyır.
Ancaq burada mühüm məqam ondan ibarətdir ki, regionda həyata keçiriləcək istənilən iri layihənin taleyi ilk növbədə Azərbaycan faktorundan asılıdır. Çünki bölgənin əsas nəqliyyat, enerji və logistika mərkəzi məhz Azərbaycandır. Ona görə də ABŞ da yaxşı anlayır ki, regional layihələrin uğuru üçün Bakı ilə münasibətlərin balanslı saxlanılması vacibdir”.
B. Quliyevin sözlərinə görə, digər diqqətçəkən məqam isə səfərin Ermənistanın daxili siyasi gündəliyi ilə bağlı olması ehtimalıdır:
“Məlumdur ki, Ermənistan hakimiyyəti son dövrlər Qərblə yaxınlaşma siyasətini daha açıq şəkildə nümayiş etdirir. ABŞ-nin yüksək səviyyəli rəsmisinin İrəvana səfəri müəyyən mənada mövcud hakimiyyətə siyasi və diplomatik dəstək mesajı kimi də qiymətləndirilə bilər.
Xüsusilə seçkiöncəsi mərhələyə doğru Ermənistan daxilində siyasi mübarizənin sərtləşdiyi bir vaxtda Vaşinqtonun indiki hakimiyyətlə işləməyə üstünlük verdiyi görüntüsü yaranır. Bu səfər həm də onu göstərir ki, Cənubi Qafqaz artıq yalnız regional deyil, qlobal güclərin maraqlarının toqquşduğu strateji məkana çevrilib”.
Günel Cəlilova


