Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ordusunun sayının azaldılması məsələsinin təhlükəsizlik zəmanətləri və maliyyələşdirmə imkanlarından asılı olacağını bildirib. Onun sözlərinə görə, Kiyev kifayət qədər maliyyə dəstəyi olduğu təqdirdə 800 min hərbçidən ibarət ordunu saxlamaqda maraqlıdır.
HİT.az xəbər verir ki, Zelenski bu barədə “TSN.Tиждень” proqramının aparıcısı Alla Mazurla müsahibəsində danışıb.
Prezident bildirib ki, Ukraynanın müdafiə qabiliyyətinin qorunması üçün güclü ordu əsas təhlükəsizlik zəmanətlərindən biridir. Bununla yanaşı, belə bir ordunun saxlanılması böyük maliyyə vəsaiti və silah təminatı tələb edir. Zelenskinin sözlərinə görə, ordunun gələcək sayı həm ölkənin imkanlarından, həm də tərəfdaşların onun maliyyələşdirilməsində iştirak etməyə hazır olmasından asılı olacaq.
O, Rusiya tərəfinin danışıqlarda Ukrayna ordusunun sayının azaldılmasını tələb etməsi ilə bağlı məlumatları da şərh edib. Zelenski bu məsələnin Rusiya ilə müzakirə edilməsini və ya ABŞ tərəfi ilə razılaşdırılmasını planlaşdırmadığını deyib.
NATO üzvlüyü olmadan təhlükəsizlik zəmanətləri
Zelenski Ukraynanın NATO-ya üzv olmadan da təhlükəsizlik zəmanətləri əldə etməsi variantını nəzərdən keçirdiyini açıqlayıb. Onun sözlərinə görə, mümkün alternativlərdən biri Alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər mexanizmin yaradılmasıdır.
Prezident qeyd edib ki, belə bir halda ABŞ və ya Vaşinqtonla Avropa ölkələri Ukraynanın gələcəkdə Rusiyanın hücumuna məruz qalacağı təqdirdə onun müdafiəsi üçün üzərlərinə konkret öhdəliklər götürməlidirlər.
Zelenski ABŞ-la ikitərəfli təhlükəsizlik sazişinin də mümkün variantlardan biri olduğunu bildirib. Lakin o vurğulayıb ki, sənəddə Vaşinqtonun hansı şəraitdə və hansı həcmdə yardım göstərəcəyi, o cümlədən aviasiya və ya quru qüvvələrinin iştirakının nəzərdə tutulub-tutulmadığı dəqiq göstərilməlidir.
Ukrayna liderinin fikrincə, təhlükəsizlik zəmanətləri yalnız prezidentlər arasında əldə olunan razılaşma ilə məhdudlaşmamalı, hüquqi qüvvəyə malik olmalıdır. O, ABŞ Konqresinin və Ukrayna parlamentinin belə öhdəlikləri təsdiqləməsinin vacibliyini qeyd edib.
Prezident digər mümkün variant kimi ABŞ-ın dəstəklədiyi, 30-dan çox Avropa ölkəsini birləşdirən “Könüllülər koalisiyası”nın iştirakını göstərib. Bu çərçivədə Ukraynada xarici hərbi kontingentin yerləşdirilməsi ehtimalı da nəzərdən keçirilir.
Samir


