“Vaxt var idi ki, işğal altında olan torpaqlarımız haqqında video görüntüləri tarixi kadrlardan izləyirdik və yaxud hansısa beynəlxalq səyyahın çəkdiyi videolardan ürəyimizə su səpilirdi”.
Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, bu gün Qarabağın bütün əraziləri haqqında mediada yayılan ən kiçik məlumat belə bizdə ancaq sevinc hissi oyadır:
“Bu kontekstdə cənab Prezident İlham Əliyevin Qarabağda yeni Milli Parkın yaradılması haqqında imzaladığı Sərəncam həm Qarabağın zəngin ekosisteminin və biomüxtəlifliyinin qorunması baxımından önəmlidirsə, həm də bu kimi qərarlar Azərbaycan xalqının öz torpaqları ilə bağlı verdiyi müstəqil qərarın ifadəsidir.
Təbii irsimiz, təbii sərvətlərimiz dayanıqlı şəkildə xalqımız, torpağın öz sahibləri üçün sərf edilir. İşğal zamanı regionun biomüxtəlifliyinə vurulan ciddi ziyan sadəcə ekoloji tarazlığın pozulması deyildi, bu, həm də ədalət tərəzisinin pozulması demək idi”.
Ekspert qeyd edib ki, məhz bu istiqamətdə 44 günlük Vətən müharibəsinin önəmli təqvimlərindən biri də 25 oktyabr tarixində Qubadlı şəhərinin işğaldan azad edilməsidir:
“Qubadlının, hər bir qarış torpağımızın işğaldan azad edilməsi sadəcə təqvimdə hansısa tarixi gün deyil. Bu, bizim ərazi bütövlüyümüzün bərpası istiqamətində ortaya qoyduğumuz əzmin bariz göstəricisidir. Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı münbit torpaqlara, sıx meşələrə və kənd təsərrüfatı potensialına malik olan rayonlarımızdan biridir.
Həkəri və Bərgüşad çaylarının vadilərində yerləşən ərazilər əkinçilik və heyvandarlıq baxımından xüsusi əhəmiyyətə malikdir. Vaxtilə Qubadlı üzümçülük və tütünçülük baxımından iqtisadi həyatda öz sözünü deyən bir region idi. Təəssüflər olsun ki, 1993-cü il avqustun 31-də Qubadlının işğal altına düşməsi bütün bunlara son verdi. Qubadlının 29 997 sakini məcburi köçkün oldu. 94 yaşayış məntəqəsi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti yerlə-yeksan edildi. Bu, erməni vəhşiliyinin bariz təzahürü idi”.
Politoloq xatırladıb ki, məktəblər, körpülər, kənd təsərrüfatı obyektləri və təchizat sistemləri dağıldı:
“Bu isə, şübhəsiz ki, insanların normal həyatının pozulmasına gətirib çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı əzmkarlıq və fədakarlıq nümayiş etdirdi. Qubadlının işğaldan azad edilməsi artıq 44 günlük Vətən müharibəsinin gedişatında həlledici məqamlardan biri oldu.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi və 15 209 hərbi qulluqçunun bu medalla təltif edilməsi Müzəffər Ali Baş Komandanın hər bir əsgər və zabitinə duyduğu dərin diqqətin bariz nümunəsidir”.
Şəbnəm Həsənova vurğulayıb ki, bu gün qarşıda duran əsas məsələlərdən biri Qubadlının inkişafının gücləndirilməsidir:
“Eyvazlı avtomobil yolunun tikintisi ərazilər arasında əlaqə və mübadilə baxımından böyük əhəmiyyət kəsb edir. Bu kimi layihələr Qubadlının sadəcə inkişafını təmin etmir, həm də Qarabağla Şərqi Zəngəzur arasında əlaqələrin möhkəmləndirilməsində iştirak edən ərazi kimi onun əhəmiyyətini daha da artırır.
Şübhəsiz ki, digər regionlarımızda olduğu kimi, Qubadlıda da aparılan bərpa və quruculuq işləri xalqımızın öz doğma yurd-yuvalarına təhlükəsiz və layiqli şəraitdə geri dönməsini təmin edəcək”.
Elmir Mustafa



