Endokrinoloqlardan xəbərdarlıq: Bu dərmanı qəbul etdikdən dərhal sonra qəhvə içməyin

SAĞLAMLIQ
14:30 / 19.11.2026
43

Qəhvənin səhər saatlarında qəbul edilməsi qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyən bəzi dərmanların təsirini zəiflədə bilər. Endokrinoloqlar xüsusilə levotiroksin preparatından istifadə edən şəxslərə qəhvə içmək üçün müəyyən müddət gözləməyi tövsiyə edirlər.

HİT.az xəbər verir ki, bu barədə üç endokrinoloq ABŞ-ın “Parade” nəşrinə açıqlamasında danışıb.

Mütəxəssislərin sözlərinə görə, levotiroksin hipotireoz, yəni qalxanabənzər vəzinin kifayət qədər hormon istehsal etməməsi zamanı təyin olunan sintetik hormondur. Preparat maddələr mübadiləsini, enerji səviyyəsini, bədən temperaturunu və ürək döyüntüsünü tənzimləməyə kömək edir.

Endokrinoloq Kollett Naytın sözlərinə görə, qəhvə preparatın orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə azalda bilər. Əvvəlki tədqiqatların nəticələri göstərir ki, dərmanla təxminən eyni vaxtda qəhvə içildikdə, orqanizmin mənimsədiyi preparatın miqdarı 36 faizə qədər azala bilər. Bu isə təyin olunan dozanın üçdə birindən çoxunun orqanizmə çatmaması deməkdir.

Həkimlər bildirirlər ki, qəhvəyə əlavə edilən süd və qaymaq da vəziyyəti ağırlaşdıra bilər. Çünki bu məhsulların tərkibindəki kalsium levotiroksinin mənimsənilməsinə mane olur. Hətta kofeinsiz qəhvə də tam təhlükəsiz alternativ hesab edilmir. Səbəb onun tərkibində də dərmanla qarşılıqlı təsirə girə bilən polifenolların olmasıdır.

Mütəxəssislər levotiroksin qəbul edənlərə həbi səhər acqarına, yalnız su ilə içməyi məsləhət görürlər. Qəhvə və səhər yeməyinə qədər isə 30-60 dəqiqə, ideal halda bir saat gözləmək tövsiyə olunur.

Endokrinoloqlar qeyd edirlər ki, qəhvədən tamamilə imtina etməyə ehtiyac yoxdur. Əsas məsələ dərmanla içki arasında düzgün zaman intervalını qorumaqdır. Səhər bu qaydaya əməl etmək çətindirsə, preparatın axşam qəbul edilməsi imkanını həkimlə müzakirə etmək olar.

Həkimlər vurğulayırlar ki, dərmanın qəbul vaxtını və formasını özbaşına dəyişmək olmaz. Belə dəyişikliklər müalicə həkimi ilə razılaşdırılmalıdır.

Samir

0