Ukraynada 19 yaşlı qız 1 000 dollara muzdlu qatil oldu - Keçmiş hərbçini zəhərlədi

DÜNYA
13:30 / 19.11.2026
48

Ukraynanın paytaxtı Kiyevdə 19 yaşlı qadın 1 000 dollar müqabilində Kolumbiya vətəndaşı olan keçmiş hərbçini zəhərləyərək öldürməkdə şübhəli bilinir. O, cinayəti törətdikdən sonra qurbanın vəziyyətini mobil telefonla lentə alaraq sifarişçiyə göndərib.

HİT.az xəbər verir ki, bu barədə “The New Voice of Ukraine” nəşri məlumat yayıb.

Kiyev Şəhər Prokurorluğunun açıqlamasına görə, şübhəli şəxs mesajlaşma tətbiqi vasitəsilə şəxsiyyəti hələ müəyyənləşdirilməyən şəxslə əlaqə saxlayıb. Həmin şəxs ona Ukrayna ordusunda xidmət etmiş 32 yaşlı Kolumbiya vətəndaşını zəhərləmək müqabilində pul təklif edib. Təklifi qəbul edən qadın hətta Telegram hesabına nəzarəti də sifarişçiyə verib. Bundan sonra sifarişçi həmin hesab vasitəsilə qurbanla yazışmaları davam etdirib.

İstintaq materiallarına əsasən, qadın Kiyevin Obolon rayonundakı parkda gizlədilmiş, içərisində naməlum zəhərli maddə olan şüşəni götürüb. Daha sonra 32 yaşlı keçmiş hərbçi ilə görüşərək gündəlik kirayə verilən mənzilə gedib.

Onlar mənzildə spirtli içki qəbul edərkən qadın zəhərli maddəni kişinin içkisinə əlavə edib. İçkini qəbul etdikdən qısa müddət sonra özünü pis hiss edən kişi huşunu itirərək dünyasını dəyişib.

Şübhəlinin cinayətdən sonra hadisə yerindəki vəziyyəti telefonla videoya çəkdiyi və görüntüləri sübut kimi sifarişçiyə göndərdiyi müəyyən edilib. Qadının bu əmələ görə 1 000 dollar alacağı bildirilir.

Hadisədən sonra başqa vilayətə qaçmağa hazırlaşan şübhəli hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində saxlanılıb. Daha əvvəl narkotik vasitə saxlamağa görə məhkumluğu olduğu qeyd edilən qadın məhkəmənin qərarı ilə girov hüququ olmadan həbs edilib.

Samir

0