“Psixoloqa getmək ayıb deyil” – Zəhra Zahidova

SAĞLAMLIQ
16:00 / 18.11.2026
27


“Cəmiyyətimizdə hələ də psixoloqa müraciət etməklə bağlı yanlış düşüncələr mövcuddur”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bəziləri hesab edir ki, psixoloqa yalnız ciddi psixoloji problemləri olan insanlar müraciət etməlidir və ya psixoloq “dəli həkimi” kimi tanınır:


“Bəziləri isə ətrafın nə düşünəcəyindən çəkinərək yaşadığı çətinlikləri gizlətməyə üstünlük verir. Klinik psixoloq olaraq demək istəyirəm ki, insanın psixoloqa müraciət etməsi onun zəifliyinin deyil, özünə qarşı məsuliyyətinin göstəricisidir. Necə ki, fiziki sağlamlığımızda problem olduqda həkimə müraciət edirik, emosional və psixoloji sağlamlığımızı da diqqətdən kənarda qoymamalıyıq”.

Ekspert qeyd edib ki, bəzən insan heç kimə izah edə bilmədiyi yorğunluq yaşayır:
“Səbəbsiz ağlayır, tez əsəbiləşir, münasibətlərində eyni problemləri təkrarlayır, keçmişin yükündən azad ola bilmir, özünü dəyərsiz hiss edir və ya sadəcə həyatında nəyinsə dəyişməsinə ehtiyac duyur. 

Bunların hər biri insanın öz daxili dünyasına diqqət yetirməsi üçün bir səbəb ola bilər. Psixoloq sizin yerinizə qərar vermir, həyatınızı sizin əvəzinizə yaşamır. Psixoloji dəstək insanın öz düşüncələrini, emosiyalarını, davranışlarını və həyatında təkrarlanan nümunələri daha yaxşı anlamasına kömək edir”.

Psixoloq bildirib ki, insan bəzən öz daxilində cavabını tapa bilmədiyi suallara peşəkar dəstək vasitəsilə fərqli tərəfdən baxmağı öyrənir:
“Unutmayaq ki, psixoloqa getmək üçün mütləq böhran yaşamaq, münasibətin bitməsi, depressiyaya düşmək və ya həyatın dözülməz həddə çatmasını gözləmək lazım deyil. İnsan özünü daha yaxşı tanımaq, sağlam münasibətlər qurmaq, özünə inamını gücləndirmək və emosional rifahını qorumaq üçün də psixoloji dəstək ala bilər.

Fikrimcə, əslində ayıb olan kömək istəmək deyil, cəmiyyətin insanlara kömək istəməyi ayıb kimi təqdim etməsidir. Özünüzə qayğı göstərməkdən utanmayın. Psixoloji sağlamlıq lüks deyil, sağlam həyatın vacib bir hissəsidir”.

Pərviz

0