“Subaru”dan mexaniki transmissiya həvəskarlarına MÜJDƏ

AVTO
17:00 / 18.11.2026
28

Yaponiyanın avtomobil istehsalçısı “Subaru” əfsanəvi “WRX” model sırasına mexaniki sürətlər qutusunu geri qaytaran yeni “WRX STI Sport R” versiyasını rəsmən təqdim edib. 

Hit.az xəbər verir ki, noyabrın 19-dan etibarən Yaponiya bazarında sifarişə açılacaq modelin başlanğıc qiyməti təxminən 35 min dollar olaraq müəyyənləşdirilib.

Yeniliyin ən diqqətçəkən cəhəti əvvəlki nəsil “WRX STI” modellərində tətbiq olunan gücləndirilmiş ağır iş rejimli mexaniki transmissiyanın geri dönüşüdür. “Subaru” bu versiya ilə Yaponiyada aylıq 330 ədəd satış həcminə çatmağı hədəfləyir.

Üstəlik, yeni modeldə əvvəlki nəsil STI modellərindən tanış olan TY85 kodlu 6 pilləli mexaniki sürətlər qutusundan istifadə olunub. “Subaru” mühəndislərinin apardığı təkmilləşdirmələr sayəsində pillə keçidlərindəki boşluq hissi 60 faiz azaldılıb, daxili sürtünmə və boşluqlar isə mühərrikin xarakterinə uyğunlaşdırılıb.

Bundan əlavə, avtomobildə pilləni aşağı salarkən mühərrik dövrlərini avtomatik tənzimləyən yeni “Rev Sync” texnologiyası tətbiq edilib. Klassik “heel-and-toe” idarəetmə texnikasına üstünlük verən sürücülər isə istədikləri vaxt bu elektron köməkçini söndürə bilərlər.

Mexaniki transmissiyaya baxmayaraq, “EyeSight” sürücü dəstək sistemi avtomobildə standart olaraq təqdim edilir. Bundan əlavə, model elektron idarəetməli ZF amortizatorları və “Brembo” əyləc sistemi (öndə 6, arxada 2 porşenli) ilə təchiz olunub.

Həmçinin, kapotun altında 2,4 litrlik turboşarjlı dördsilindrli oppozit (“Boxer”) mühərrik yer alır. Aqreqat 275 at gücü (202 кVt / 271 bhp) və 375 Nm fırlanma anı hasil edərək gücü simmetrik tam ötürmə sistemi vasitəsilə hər dörd təkərə ötürür.

İstehsalçı mexaniki sürətlər qutusuna özəl olaraq elektron qaz kəpənəyinin və turbo təzyiqinin idarəetmə tənzimləmələrini də yeniləyib. Bu yenilik qaz pedalına basıldığı anda mühərrikin daha sürətli və kəskin reaksiya verməsini təmin edir.

Maraq üçün bildirək ki, cari nəsil “WRX” Yaponiya bazarında uzun müddətdir yalnız variator (CVT) avtomatik transmissiya ilə satılırdı. Bu ilin əvvəlində cəmi 600 ədədlik məhdud sayda buraxılan mexaniki sürətlər qutulu “WRX STI Sport” versiyasına göstərilən böyük maraqdan sonra şirkət mexaniki transmissiyanı məhdud seriya deyil, standart kataloq modelinə çevirmək qərarına gəlib.

Qeyd edək ki, avtomobilin adında “STI” nişanı yer alsa da, bu model tamamilə yeni nəsil “WRX STI” deyil, mövcud “WRX” sedanının daha idman yönümlü və təkmilləşdirilmiş versiyası kimi mövqeləndirilir.

Pərviz

0