Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsinin üç il ərzində 100 milyard dollara çatdırılması hədəfində gəmiqayırma sənayesi əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Xüsusilə ABŞ-ın köhnəlmiş donanmasını yeniləmək planları Türkiyə şirkətləri üçün yeni imkanlar yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” nəşrində Yasemin Salihin dərc etdiyi məqalədə bildirilib.
Türk-Amerika İş Adamları Dərnəyinin (TABA AmCham) rəhbəri Süleyman Ecevit Sanlı iki ölkə arasında mal və xidmət ticarətinin həcminin artıq 48 milyard dollara çatdığını bildirib. Onun sözlərinə görə, qarşıdakı üç ildə bu göstəricinin 100 milyard dollara yüksəldilməsi hədəflənir.
Sanlı perspektivli sahələr sırasında xidmət ixracı, podratçılıq, gəmiqayırma, emal olunmuş ərzaq məhsulları və avtomobil sənayesi üçün ehtiyat hissələrinin istehsalını göstərib.
Məqalədə xüsusilə ABŞ və Kanadanın Türkiyənin gəmiqayırma müəssisələrinə marağının artdığı vurğulanır. Bildirilir ki, hər iki ölkə donanmalarının yenilənməsi üçün Türkiyə şirkətləri ilə danışıqlar aparır. Mövcud donanmanın köhnəlməsi və yeni gəmilərin istehsalı üçün sənaye imkanlarının məhdudluğu bu əməkdaşlığa marağı artıran amillər sırasındadır.
Türkiyə gəmiqayırma sektorunun nümayəndələrinin sözlərinə görə, ABŞ bazarı üçün yeddi buzqıran gəminin inşası ilə bağlı mühüm mərhələyə çatılıb. Türkiyə şirkətlərindən biri artıq təklifini təqdim edib. Sifarişin reallaşması ölkənin gəmiqayırma sənayesi üçün yeni müqavilələrin qapısını aça bilər.
Məqalədə qeyd olunur ki, ABŞ-ın donanmasını yeniləmək ehtiyacı Çin və Cənubi Koreya kimi gəmiqayırma sahəsində aparıcı ölkələrlə yanaşı, Türkiyə üçün də imkanlar yaradır. Ticarət məhdudiyyətlərinin mövcudluğuna baxmayaraq, Vaşinqtonun donanma ilə bağlı ehtiyacları Ankara ilə iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yarada bilər.
Qeyd edək ki, TABA AmCham ABŞ-la əlaqəli 620 şirkəti birləşdirir. Təşkilata üzv şirkətlərin ümumi ticarət həcmi 24 milyard dollar səviyyəsində qiymətləndirilir.
Samir


