Polşada nə baş verir?

DÜNYA
13:00 / 19.11.2026
95

Polşadakı siyasi vəziyyət yenidən gərginləşib.

Belə ki, Konstitusiya məhkəməsinin sədri Boqdan Sventçkovski və onun müavini Bartlomey Soxanskinin toxunulmazlıqları ləğv edilib. Eyni zamanda, onların hər ikisi vəzifəsindən kənarlaşdırılıb. Bu barədə Polşa Konstitusiya Məhkəməsi Hakimlərinin Ümumi Yığıncağı qəbul edib. 

Maraqlıdır, Polşada nə baş verir? Nə üçün bu məsələ ilə bağlı Baş nazir və Prezident arasında ciddi fikir ayrılığı var?

Politoloq Anar İsayev Hit.az-a açıqlamasında bildirib ki, Polşada baş verənlər sadəcə iki hakimin vəzifədən kənarlaşdırılması məsələsi deyil:


“Bu hadisə ölkədə uzun müddətdir davam edən konstitusiya böhranının, hakimiyyət qolları arasındakı qarşıdurmanın və məhkəmə sisteminə nəzarət uğrunda siyasi mübarizənin yeni mərhələsidir. Məsələnin mahiyyətini anlamaq üçün Polşada son illərdə baş verən siyasi proseslərə nəzər salmaq lazımdır.

Polşada hazırda iki əsas siyasi güc - Baş nazir Donald Tusk və onun rəhbərlik etdiyi hökumət koalisiyası ilə Prezident Karol Navrotski və əvvəlki hakimiyyət dövründə formalaşmış siyasi-hüquqi sistemin müdafiəçiləri arasında ciddi qarşıdurma mövcuddur. Tusk hökuməti hakimiyyətə gəldikdən sonra məhkəmə sistemində islahatlar aparmağa, əvvəlki hakimiyyətin dövründə formalaşdırılmış institusional strukturları dəyişdirməyə və məhkəmə hakimiyyətinin müstəqilliyini bərpa etməyə çalışır”.

Lakin onun sözlərinə görə, bu proses ciddi hüquqi və siyasi müqavimətlə üzləşir:
“Konstitusiya Məhkəməsinin rəhbərliyinin və onun hakimlərinin legitimliyi də məhz bu mübahisənin mərkəzindədir. Əslində bu münaqişənin kökləri 2015-ci ildən başlayıb. Həmin il Polşada hakimiyyətə gələn Hüquq və Ədalət Partiyası (PiS) məhkəmə sistemində geniş dəyişikliklər həyata keçirdi.

Bu dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin formalaşdırılması qaydaları dəyişdirildi, hakimlərin təyinatı ilə bağlı siyasi mübahisələr yarandı, məhkəmə hakimiyyətinin müstəqilliyi Avropa İttifaqı tərəfindən dəfələrlə sual altına alındı, hakimiyyətin məhkəmə sisteminə siyasi təsirinin artdığı barədə ciddi narahatlıqlar yarandı.

2023-cü ildə Donald Tuskun rəhbərlik etdiyi qüvvələr hakimiyyətə gəldikdən sonra əvvəlki sistemin dəyişdirilməsinə başladılar. Ancaq problem ondadır ki, əvvəlki hakimiyyətin təyin etdiyi hakimlər öz mandatlarının qanuni olduğunu bildirir, yeni hakimiyyət isə onların bir qisminin təyinatını legitim hesab etmir. Ona görə də Polşada məhkəmə hakimiyyətinin öz daxilində də parçalanma yaranıb”.

Ekspert qeyd edib ki, Baş nazir və Prezidentin qarşı-qarşıya gəlməsində əsas məsələ hüquqi hakimiyyətin kimə məxsus olmasıdır:
“Baş nazir Donald Tuskun mövqeyinə görə məhkəmə sistemində əvvəlki hakimiyyətin siyasi təsiri aradan qaldırılmalıdır, Konstitusiya Məhkəməsi siyasi maraqlara deyil, Konstitusiyaya xidmət etməlidir, məhkəmə institutlarının legitimliyi və Avropa hüquq normalarına uyğunluğu bərpa olunmalıdır.

Prezident Karol Navrotskinin yanaşmasına əsasən isə hakimlərin təyinatı və vəzifə səlahiyyətləri konstitusion qaydada qorunmalıdır, hakimiyyətin siyasi qərarlarla məhkəmə rəhbərliyini dəyişdirməsi yolverilməzdir və Konstitusiya Məhkəməsinin mövcud rəhbərliyinin səlahiyyətləri siyasi iradə ilə ləğv edilə bilməz. Fikrimcə, Polşada baş verənlər Avropa demokratiyası üçün də mühüm sınaqdır”.

Anar İsayev hesab edir ki, Polşada paradoksal vəziyyət yaranıb:
“Bir tərəf məhkəmə sistemini əvvəlki siyasi təsirdən təmizləmək və hüququn aliliyini bərpa etmək istədiyini bildirir, digər tərəf isə bu prosesin özünün konstitusion normaları poza biləcəyini iddia edir. Əsas təhlükə ondan ibarətdir ki, siyasi hakimiyyət uğrunda mübarizə tədricən dövlət institutlarının legitimliyi uğrunda mübarizəyə çevrilir.

Demokratik dövlətlərdə hakimiyyət dəyişə bilər, siyasi kurs dəyişə bilər, lakin məhkəmə institutlarının legitimliyi siyasi çoxluğun iradəsindən asılı vəziyyətə düşməməlidir. Polşanın bugünkü problemi də məhz budur: tərəflər hüququn aliliyini müdafiə etdiklərini söyləsələr də, həmin hüququn necə tətbiq olunması barədə ortaq mövqeyə gələ bilmirlər”.

Elmir Mustafa

0