Partiya sədri: “Yenidən qurulan Ağdam güclü mərkəzə çevrilir”

SİYASƏT
16:30 / 19.11.2026
87

“Ağdam Şəhəri Günü təkcə bir şəhərin işğaldan azad olunmasının deyil, həm də Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra qarşıya qoyduğu quruculuq və inkişafın göstəricisidir”. 

Bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, uzun illər xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur:


“Həyata keçirilən işlər azad edilmiş ərazilərin yenidən dirçəlməsinə səbəb olub. Bütün bunlara həm də Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi kimi baxılmalıdır. Ağdamın bərpası yalnız dağıdılmış binaların yenidən tikilməsi demək deyil. 

Burada müasir şəhər infrastrukturu yaradılır. Müasir yollar, yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri inşa olunur. Məqsəd insanların doğma yurdlarına qayıtması üçün təhlükəsiz və rahat şərait yaratmaqdır”. 

Siyasətçi qeyd edib ki, bütün bunlar Ağdamı iqtisadi və sosial baxımdan da güclü mərkəzə çevirməkdir:
“Siyasi baxımdan Ağdamın yenidən qurulması Azərbaycanın həyata keçirdiyi siyasətin mühüm göstəricisidir. Bu proses ölkənin azad olunmuş ərazilərdə iqtisadi fəallığı bərpa etmək və Böyük Qayıdışı təmin etmək strategiyasına xidmət edir. Ağdam Sənaye Parkının fəaliyyəti, nəqliyyat infrastrukturunun qurulması və yeni istehsal müəssisələrinin yaradılması şəhərin gələcəkdə Qarabağın mühüm iqtisadi mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas yaradır”.

Partiya sədri vurğulayıb ki, Ağdamın dirçəlişinin ən mühüm nəticəsi isə insanların doğma torpaqlarına qayıtmasıdır:
“Çünki şəhərin həqiqi bərpası yalnız tikilən binalarla deyil, burada sosial həyatın yenidən canlanması ilə bağlıdır. 20 Noyabr bu baxımdan həm tarixi Zəfərin, həm də gələcəyə yönəlmiş quruculuq iradəsinin rəmzidir. Ağdamın yenidən qurulması Azərbaycanın dağıntılara deyil, inkişafa, qarşıdurmaya deyil, sabitliyə üstünlük verdiyini nümayiş etdirir”.

Elmir Mustafa

0