Avropada hava çirkliliyi narahatlıq doğurur: "40 şəhərdən 37-si standartlara cavab vermir"

DÜNYA
16:23 / 19.11.2026
36

Avropanın 40 böyük şəhərində aparılan araşdırma hava çirkliliyi ilə bağlı narahatedici mənzərəni üzə çıxarıb. Məlum olub ki, şəhərlərin 37-si Avropa İttifaqının 2030-cu ildən tətbiq edəcəyi hava keyfiyyəti normalarından ən azı birinə indiki göstəricilərlə uyğun gəlmir.

HİT.az xəbər verir ki, bu barədə dayanıqlı şəhər nəqliyyatı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının yaratdığı Brüsseldə yerləşən “Clean Cities” qurumunun 2026-cı il şəhər reytinqində bildirilir.

Araşdırmada Avropa Ətraf Mühit Agentliyinin ölçmələri əsas götürülüb. Şəhərlərdə azot dioksid və xırda hissəciklərin səviyyəsi ilə yanaşı, son 10 ildə çirklənmənin dəyişmə dinamikası və nəqliyyat siyasəti də qiymətləndirilib.

Reytinqdə Kopenhagen, Stokholm və Helsinki metropol bölgələri ən yüksək – “A” qiymətini alıb. Bu şəhərlər hər iki çirkləndirici üzrə müəyyən edilmiş gündəlik və illik limitlərin hamısına cavab verən yeganə ərazilər olub. Araşdırmaya daxil edilən 18 şəhər isə dörd normadan heç birini yerinə yetirə bilməyib.

Siyahının son üç pilləsində Zaqreb, Buxarest və Afina qərarlaşıb. Ən aşağı “E” və “F” qiymətlərini alan 11 şəhərin hamısı Cənubi, Mərkəzi və Şərqi Avropada yerləşir. Afina isə hər kubmetr havada orta hesabla 37,6 mikroqram azot dioksid göstəricisi ilə araşdırılan şəhərlər arasında ilk sırada yer alıb.

Belçikanın Gent şəhəri reytinqdə dördüncü, Brüssel beşinci, Antverpen isə 21-ci olub. Araşdırmanın digər diqqətçəkən nəticəsi budur ki, 40 şəhərin heç biri Ümumdünya Səhiyyə Təşkilatının hava keyfiyyəti üzrə tövsiyə etdiyi bütün göstəricilərə uyğun gəlməyib.

Tədqiqatda aşağı emissiyalı zonaların yaradılması, elektrik avtobuslarından istifadə, məktəblərin ətrafında avtomobil hərəkətinin məhdudlaşdırılması və velosiped infrastrukturunun genişləndirilməsi kimi tədbirlərin çirklənmənin azalmasına müsbət təsir göstərdiyi vurğulanıb. Kopenhagen, Stokholm, Ştutqart, Oslo və London son 10 ildə azot dioksidin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı sala bilən şəhərlər sırasında göstərilib.

Qeyd edək ki, Aİ-nin yeni qaydalarına əsasən, 2030-cu il yanvarın 1-dək havada azot dioksidin illik orta göstəricisi hər kubmetr üçün 20, xırda hissəciklərin səviyyəsi isə 10 mikroqramdan çox olmamalıdır. Gündəlik limitlər müvafiq olaraq 50 və 25 mikroqram müəyyən edilib. Bu hədlərin il ərzində ən çoxu 18 gün aşılmasına icazə veriləcək.

Samir

0