Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib.
HİT.az xəbər verir ki, məktubda deyilir:
"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.
Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, Türkiyənin sabiq xarici işlər naziri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetin 89 yaşında dünyasını dəyişib. Hikmət Çətin 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1995-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, 1997-1999-cu illərdə isə Türkiyə Böyük Millət Məclisinin sədri vəzifələrində çalışıb. O, həmçinin 1978-1979-cu illərdə və 1995-ci ildə baş nazirin müavini olub. 2003-2006-cı illərdə NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsi vəzifəsini icra edib.


