Alimlər siçanların genetik koduna 78 min hərfdən ibarət insan DNT-si əlavə etməklə nadir nevroloji xəstəliklərdən biri olan XDP-nin indiyədək məlum olmayan mexanizmini üzə çıxarıblar. Araşdırmalar xəstəliyin inkişafında təkcə sinir hüceyrələrinin deyil, onları dəstəkləyən qlial hüceyrələrin də mühüm rol oynadığını göstərib.
HİT.az xəbər verir ki, noyabrın 19-da “Cell” elmi jurnalında dərc olunan iki tədqiqat X-xromosomuna bağlı distoniya-parkinsonizm (XDP) xəstəliyinin səbəblərinin daha dərindən anlaşılması baxımından əhəmiyyətli hesab olunur.
Nadir xəstəlik əsasən filippin mənşəli kişilərdə müşahidə edilir. XDP beynin hərəkətlərin idarə olunmasına cavabdeh olan striatum nahiyəsini zədələyir. Nəticədə xəstələrdə hərəkətlərin ləngiməsi, titrəmə, əzələ sərtliyi və qeyri-iradi yığılmalar yaranır.
Xəstəliyin əlamətləri, adətən, 39 yaş ətrafında başlayır. Diaqnoz qoyulduqdan sonra xəstələrin orta hesabla 13-16 il yaşadığı bildirilir. Sonrakı mərhələlərdə udma və nəfəsalma çətinlikləri, qidalanma problemləri və ağciyər infeksiyaları kimi ağırlaşmalar ölümə səbəb ola bilər.
XDP-nin yaranması X-xromosomunda yerləşən TAF1 genindəki mutasiya ilə əlaqələndirilir. Kişilərdə bu genin ikinci nüsxəsi olmadığı üçün xəstəlik daha çox onlarda üzə çıxır. Mutasiya ilk dəfə Filippinin Panay adasında qeydə alınıb. Xəstəliyə səbəb olan genetik dəyişiklik genom daxilində yerini dəyişə bilən və TAF1 geninin ortasına yerləşən xüsusi genetik elementlə bağlıdır.
Tədqiqatçılar SwAP-In adlı texnologiyadan istifadə edərək siçanların embrional kök hüceyrələrinə insan TAF1 geninin bir hissəsini və xəstəliyə səbəb olan genetik elementi ehtiva edən 78 min hərflik DNT ardıcıllığı yerləşdiriblər.
Beləliklə, alimlər siçanlarda XDP xəstəliyinin xüsusiyyətlərini təqlid edən model yarada biliblər. Təcrübələr zamanı TAF1 zülalının səviyyəsinin azaldığı, hüceyrə ölümlərinin artdığı və xüsusilə beynin striatum nahiyəsində toxuma itkisi ilə əlaqəli dəyişikliklərin baş verdiyi müəyyənləşdirilib.
Diqqətçəkən məqamlardan biri xəstəliyin insanlarda illər ərzində inkişaf edən əlamətlərinin siçanlarda cəmi 1,5 ay ərzində üzə çıxmasıdır. Tədqiqatçılar bunu siçanlarda insanlarda mövcud olan bəzi qoruyucu mexanizmlərin olmaması ilə əlaqələndirirlər.
NYU Sistem Genetikası İnstitutunun direktoru Ceff Boekinin sözlərinə görə, bu model gələcəkdə yeni dərmanların sınaqdan keçirilməsini asanlaşdıra bilər. Texnologiyanın digər genetik və neyrodegenerativ xəstəliklərin araşdırılmasında da tətbiqi nəzərdən keçirilir.
İkinci tədqiqat isə xəstəliyin inkişafında əvvəllər diqqətdən kənarda qalan hüceyrələrin əhəmiyyətini ortaya qoyub. Məlum olub ki, XDP zamanı oliqodendrosit adlanan qlial hüceyrələrdə ciddi dəyişikliklər baş verir.
Bu hüceyrələr sinir liflərini əhatə edən və elektrik siqnallarının ötürülməsini təmin edən mielin adlı qoruyucu təbəqəni yaradır. Təcrübələr zamanı oliqodendrositlərin normal yetişməsinin pozulduğu, nəticədə mielin istehsalının azaldığı müəyyən edilib.
Araşdırmanın nəticələri xüsusi boyama üsulu ilə də yoxlanılıb. Normalda mielin və lipid baxımından zəngin olduğu üçün mavi görünməli olan bəzi beyin nahiyələrinin, xüsusilə striatum və prefrontal korteksin fərqli rəng aldığı müşahidə edilib.
Bu dəyişikliklər yalnız laboratoriya siçanlarında deyil, XDP-dən vəfat etmiş şəxslərin beyin toxumalarında da təsdiqlənib.
Tədqiqatçılardan Şeyn Liddlou hesab edir ki, mielin qatının itirilməsi sinir hüceyrələrini zədələnməyə və vaxtından əvvəl ölməyə daha həssas edir. Bu nəticə neyrodegenerativ xəstəliklərin başlanğıcında problemin mütləq sinir hüceyrələrinin özündə yaranmadığını göstərir.
Alimlər yeni tapıntıların gələcək müalicə istiqamətlərini də müəyyənləşdirdiyini bildirirlər. TAF1 geninin aktivliyinin artırılması, oliqodendrositlərin fəaliyyətinin bərpası və mielin itkisinə erkən mərhələdə nəzarət edilməsi mümkün yanaşmalar sırasında göstərilir.
Tədqiqatçılar XDP-nin bioloji mexanizmlərinin hələ tam öyrənilmədiyini vurğulayırlar. Bununla belə, yaradılan yeni siçan modeli xəstəliyin səbəblərini araşdırmaq və gələcək müalicə üsullarını sınaqdan keçirmək üçün elmi ictimaiyyətə mühüm imkan yaradır.
Samir


