Son vaxtlar toy mərasimlərində musiqi seçimləri ilə bağlı diqqətçəkən yeniliklər ortaya çıxıb.
Əvvəllər demək olar ki, hər toyun ayrılmaz hissəsi olan ənənəvi giriş melodiyaları indi bir çox hallarda fərqli kompozisiyalarla əvəz olunur. Bəzi cütlüklər zala daxil olarkən daha müasir və ya xarici musiqilərə üstünlük verir. Bu günlərdə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin “Vağzalı” istəmədiyini deyib. O qeyd edib ki, artıq neçə toydur “Vağzalı” ifa etmirik:
“Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici, mənşəyi bilinməyən mahnılar – bəy və gəlin bununla içəri daxil olur. Amma “Vağzalı”nı unutmaq olmaz”.
Toylarda “vağzalı”nın deyil, əcnəbi mahnıların səslənməsi Azərbaycan toy ənənələrində yeni mərhələnin başladığını deməyə əsas verir. Bunun müvəqqəti dəb, yoxsa uzunmüddətli dəyişiklik olacağı isə zamanla daha aydın görünəcək.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan toyu milli-mədəniyyətimizin mühüm tərkib hissəsi və xalqın canlı ənənəsi kimi hər zaman yeniliklərə açıq olub:
“Ötən əsrin 60-cı illərində Azərbaycan toylarında bir sıra islahatlar aparılıb və bu dəyişikliklər bəzən birmənalı qarşılanmasa da, bu günkü toy ənənələrinin formalaşmasına təsir göstərib. Vaxtilə qadın və kişi məclisləri ayrı keçirilirdi, lakin sonradan bu ənənədə dəyişikliklər baş verdi. Zaman keçdikcə mağar toyları da aradan qalxdı və ümumilikdə toyla bağlı bir çox mərasimlər vahid məclisdə birləşdirildi. Artıq “xınayaxdı”, “paltar kəsdi”, qız və oğlan toylarının birlikdə keçirilməsi geniş yayılıb”.

Kulturoloqun fikrincə, toylarda israfçılıq məsələsi hər zaman aktual olub. Bununla belə, nəzərə almaq lazımdır ki, azərbaycanlılar tarixən qonaqpərvər və səxavətli xalq kimi tanınıb:
“Toylarda musiqi seçimi baxımından da müəyyən dəyişikliklər müşahidə olunur. Ənənəvi olaraq toy deyildikdə ilk ağla gələn “Vağzalı” olsa da, bu musiqi hər zaman dominant rol oynamayıb. Bu dəyişikliklərin səbəblərindən biri də bəzi vətəndaşların əcnəbilərlə ailə qurmasıdır. Belə hallarda onlardan mütləq “Vağzalı” sədaları altında şadlıq sarayına daxil olmalarını tələb etmək doğru olmaz”.
Ekspertin diqqətə çatdırıb ki, son dövrlərdə teatrlaşdırılmış toyların sayı artmaqdadır:
“Bu tip məclislər təşkilatçılar tərəfindən ssenari əsasında hazırlanır. Belə toylarda bəy və gəlin bəzən “Vağzalı” ilə deyil, Azərbaycan himni və ya “Koroğlu” uverturası sədaları altında zala daxil olur. Həmçinin, şəhid ailələrinin təşkil etdiyi toy mərasimlərində də bəy-gəlinin girişində daha çox döyüş ruhlu musiqilərə üstünlük verilir. Bütün bunlar isə zövq məsələsi kimi qiymətləndirilə bilər”.
Günel Cəlilova


