Alimlər tam məşqlərə alternativin də eyni dərəcədə effektiv ola biləcəyini açıqladı

SAĞLAMLIQ
18:00 / 30.10.2026
55

Çinin Tuntszi Universitetinin alimləri müəyyən ediblər ki, gün ərzində müxtəlif vaxtlarda yerinə yetirilən qısa güc məşqləri bir tam məşqlə müqayisə edilə bilən nəticələr verə bilər. Kiçikmiqyaslı eksperiment zamanı hər iki məşq rejimi iştirakçıların gücünü və dözümlülüyünü artırıb. Bununla yanaşı, məşqləri hissələrə bölən format iştirakçılar tərəfindən daha çox bəyənilib. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Exercise Science & Fitness” jurnalında dərc olunub.

Tədqiqatda 18-25 yaş arası, ən azı altı ay ərzində güc məşqləri ilə məşğul olan 45 kişi tələbə iştirak edib. Onlar təsadüfi qaydada üç qrupa bölünüblər: məşqləri hissələrə bölənlər, adi qaydada məşq edənlər və əvvəlki fiziki aktivlik rejimini saxlayan nəzarət qrupu.

Hər iki məşq qrupu səkkiz həftə ərzində həftədə üç dəfə “Smit” trenajorunda çömbəlmə hərəkətləri yerinə yetirib. Gündəlik məşq həcmi eyni olub — 60 təkrar. Birinci qrup bu hərəkətləri günün müxtəlif vaxtlarında üç ayrı dəfəyə bölərək, hər dəfə 20 çömbəlmə edib. İkinci qrup isə üç yanaşmanın hamısını bir məşq zamanı, aralarda fasilə verməklə yerinə yetirib.

Yük tədricən iştirakçıların fərdi birdəfəlik maksimumunun 40 faizindən 55 faizinə qədər artırılıb. Birdəfəlik maksimum insanın bir dəfə qaldıra bildiyi ən ağır çəki deməkdir. Bütün məşqlər mütəxəssislərin nəzarəti altında keçirilib.

Proqramdan əvvəl və sonra tədqiqatçılar iştirakçıların maksimal gücünü, hərəkətsiz vəziyyətdə qüvvəni saxlamaq qabiliyyətini və cari maksimal çəkinin 40 faizinə bərabər yüklə neçə çömbəlmə edə bildiklərini ölçüblər.

Nəticələr göstərib ki, hər iki məşq proqramı nəzarət qrupu ilə müqayisədə müsbət dəyişikliklərə səbəb olub. Rəqəmlərə görə, adi məşq formatında irəliləyiş daha böyük olsa da, məşq qrupları arasındakı fərq statistik baxımdan əhəmiyyətli olmayıb. Bununla belə, məşqləri gün ərzində hissələrə bölən iştirakçılar məşqlərdən daha çox zövq aldıqlarını bildiriblər.

Müəlliflərin fikrincə, fiziki yükün gün ərzində qısa məşqlərə bölünməsi idmanı gündəlik cədvələ daxil etməyi asanlaşdıra bilər.

Samir
 

0