ABŞ-da təxminən 66 milyon il əvvəl yaşamış və əsasən meyvələrlə qidalandığı ehtimal edilən yeni dinozavr növünün qalıqları araşdırılıb. “Cəhənnəm toyuğu” adlandırılan bu canlı xarici görünüşünə görə kazuara, baş quruluşuna görə isə tutuquşuya bənzəyib.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.
Infernogallus jamesi adlandırılan dinozavrın qalıqları 2011-ci ildə ABŞ-dakı Hell Creek geoloji formasiyasında aşkarlanıb. Əvvəlcə onun Caenagnathus cinsinə aid olduğu düşünülüb. Sonrakı araşdırmalar isə alimlərə canlının quruluşu və ehtimal olunan qidalanma tərzi barədə daha ətraflı məlumat əldə etməyə imkan verib.
Tədqiqatçılar fosili kompüter tomoqrafiyası vasitəsilə araşdırıb və onun kəllə quruluşunu müasir quşların kəllələri ilə müqayisə ediblər. Nəticədə dinozavrın yuxarı çənə hissəsindəki əzələlərin nisbətən zəif, ağız boşluğunun altındakı əzələlərin isə daha yaxşı inkişaf etdiyi müəyyənləşdirilib. Dimdiyindəki xüsusi şırımlar da onun qidalanma xüsusiyyətləri barədə ipucu verib.
Alimlərin fikrincə, bu əlamətlər meyvələrlə qidalanan müasir tutuquşuların kəllə quruluşuna bənzəyir. Tədqiqatın aparıcı müəllifi, paleontoloq Qreq Fanston hesab edir ki, dinozavr əsasən albalı və şaftalıya bənzər, çəyirdəkli meyvələr yeyə bilərdi. Bununla belə, onun yarpaq və cavan zoğlar kimi digər bitki hissələri ilə də qidalanması mümkündür.
Təxminən 15 kiloqram ağırlığında olduğu ehtimal edilən bu dinozavrın bədəni kazuarı xatırlatsa da, başı tutuquşuya bənzəyib. “Cəhənnəm toyuğu” adı isə tapıldığı Hell Creek ərazisi və quşa bənzər görünüşü ilə əlaqələndirilir. Növün adındakı jamesi sözü tədqiqatın həmmüəlliflərindən birinin babasının şərəfinə seçilib.
Tədqiqatçılar bildirirlər ki, bitkiyeyən dinozavrların mövcudluğu əvvəldən məlum olsa da, onların meyvələri əsas qida kimi seçməsinə dair sübutlar məhdud olub. Yeni tapıntı meyvələrlə qidalanmağa xüsusi uyğunlaşmış qədim dinozavrların öyrənilməsi baxımından əhəmiyyətlidir.
Samir


